Siyasətə qarışmamaq nə deməkdir?!
6-02-2023, 18:32

Siyasət sözü məmləkətdə çoxdan “devalvasiyaya” uğrayıb, o qədər gözdən salınıb ki, siyasətə qarışmamaq müsbət bir məna kəsb edir, sanki siyasət çirkli, məkrli bir şeydir, ondan uzaq olmaq yaxşıdır.
Siyasət sözünün dilimizdəki anlamı çox dardır, həddən artıq kiçikdir, bəlkə də elə buna görə siyasətə qarışmamaq müsbət anlamda qəbul edilir.
Bunun səbəblərindən biri də odur ki, bizə siyasət sözü “rusca” daxil olub, “politika” sözü mənasında işlədilib, bu anlayışın əsl mənasını rus dili izah edə bilmir. Çünki, Rusiyada sözün yaranış mənasında “politika” olmayıb, ona görə də Avropadan fərqli olaraq məhz Rusiyadə mənfi mənada “politinkanstvo” (siyasətbazlıq kimi də tərcümə etmək olar) sözü də işlədilib-işlədilir, mənası da intriqan, məqsədlərinə çatmaq üçün insanlardan istifadə edən, kimi qəbul edilir.
Əslində isə siyasət sözünün kökü yunan dilində gəlib, şəhər, və ya dövlət deməkdir. Hətta polis sözü də oradan götürülüb, maraqlıdır ki, bizdə “siyasət” anlayışı ilə “polis” anlaşı çox kəsişir – insanlar siyasətə həm də polisə düşməmək üçün qarışmır, maraqlı təzad və tarixin ironiyasıdır.
Siyasətə qarışmaq iştirakçılıq deməkdir – iştirakçılığın ən ali forması seçkidir – seçkiyə inam olmayan yerdə siyasət də olmur: Deməli, şüuraltı olaraq bizdə siyasətə qarışmamaq seçkilərə münasibətin sözlə ifadəsidir.
Seçkiləri nüfuzdan salan isə tək indiki hakimiyyət deyil, 30 il müstəqillik dövründə seçkiləri institut kimi nüfuzdan salan digər qüvvələr də olub. Deməli bu gün siyasə qarışmayan toplumun günahı tək iqtidarda deyil, həm də seçkini gözdən salanlardadır.
Qarşıdakı 12-18 ayda 3 seçki dönəmi gəlir: Referendum, Parlament və Prezident seçkiləri – vətəndaşın siyasətə qarışması üçün gözəl şans(lar) yaranacaq. Hamılıqla bilməliyik ki, vətəndaş müsbət mənada siyasətə qarışmayanda siyasət mütləq vətəndaşın işlərinə, güzaranına, dolanışığına mənfi mənada qarışır.
Natiq Cəfərli
Teref.az