Kadırov generalla mübahisə etdi: “Get polyaklara təslim ol!” - Peskov da deyir ki...
9-02-2023, 16:53
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Çeçenistanın başçısı Ramzan Kadırovla Dövlət Dumasının müdafiə komitəsinin üzvü general Viktor Sobolyev arasında Polşa ilə mümkün münaqişənin nəticələri üstündə yaranan mübahisəyə Kremlin münasibəti ilə bağlı jurnalistlərin sualını cavablandırıb.
Publika.az xəbər verir ki, Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri deyib: “Biz bu polemikada iştirak etmirik və heç bir qiymət vermək istəmirik”.
Xatırladaq ki, bir qədər əvvəl Ramzan Kadırov Viktor Sobolyevin Rusiya Polşaya hücum edəcəyi təqdirdə üçüncü dünya müharibəsinin başlayacağı barədə bəyanatından narazı qaldığını bildirib. Sobolyev öz fikirlərini belə əsaslandırıb ki, Polşa NATO-nun üzvüdür.
Kadırov özünün “Telegram-kanal”ında deputata polyaklara əvvəlcədən təslim olmağı təklif edib. Viktor Sobolyev cavab verib ki, Kadırovun bəyanatı qəribədir və heç kim polyaklara təslim olmağa hazırlaşmır. Eyni zamanda general-leytenant vurğulayıb ki, əvvəlcə silahlı qüvvələr bərpa olunmalıdır ki, nüvə silahından istifadə etmədən istənilən geosiyasi düşmənin təcavüzünü dəf edə bilsin.