“BƏZİ ÖLKƏLƏRƏ QULAQBURMASI VERƏ BİLƏRİK...” – İran səfiri başından yekə danışıb
10-02-2023, 11:04

İran hakimiyyəti müdriklik göstərir və bəzi kiçik dövlətlərin müxtəlif məzmunlu təxribatlarına uymur.
“AzPolitika.info” xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ermənistandakı səfiri Abbas Bədaxşan Zohuri fevralın 9-da İrəvanda ikitərəfli münasibətlərə həsr olunmuş «elmi» konfransda ərz eləyib. Xəbəri erməni KİV-i yayıb.
Molla-diplomatdan xahiş ediblər ki, bu yaxınlarda Azərbaycan mətbuatında yayılmış belə bir xəbəri şərh etsin ki, Ermənistan və İran guya, Azərbaycana qarşı birgə hücum əməliyyatı hazırlayır.
İran səfiri «dərhal bir salavat çevirərək» ciddi görkəm alıb da irad eləyib ki, Tehran və İrəvan bütün istiqamətlər üzrə sıx əməkdaşlıq edir və əgər elə sferalar varsa ki, qarşılıqlı fəaliyyət sahəsindəki informasiyalar açıqlana bilməz, deməli belə də olmalıdır.
«İran həmin kiçik ölkələrə kiçik bir qulaqburması verə bilər ki, onlar İran üçün problem yaratmağa çalışırlar. Amma İran hakimiyyəti emosiyaların təsiri altında hərəkət etməyə üstünlük vermir. Onlar kifayət qədər müdrikdirlər və öz hərəkətlərində təmkinlidirlər» - səfir-molla bildirib.
Zohurinin sözlərinə görə, iran tərəf heç vaxt bölgədə situasiyanı gərginləşdirməyə can atmayıb (Sadəcə məzhəb pərdəsi altında gizlicə xaç çevirərək, «saman altından su yeridib»). Bu kontekstdə o, bölgə KİV-ni əlavə gərginlik yarada biləcək səs-küylü başlıqlara və məqalələrə can atmamağa çağırıb. Başqa sözlə, bu əmmaməsiz molla demək istəyib ki, hər millət hansı dinə qulluq etməyi özü seçir ki, İran da eləcə, şiə olsa da, pərdə arxasında «vartan respublikası»dır və vaxtlı-vaxtında müqəddəs xaçı öpür. Molla diplomatiyası Qərb diplomatiyasından məhz bu xüsusiyyəti ilə fərqlənir və onlardan qabaqdadır.
Zohuri daha sonra deyib: «Hərbi vəziyyətə gəlincə, sizi əmin edirəm ki, İran bölgədəki bütün həmsərhəd reallığı diqqətlə izləyir».
Vəssalam, molla üçün bundan artığı mümkün də deyil, belə ki, “vartan dövləti” «inək südünə görə mələyər» deyimini bir an da unutmur. Başqa sözlə, əgər ehsan yeməkdən künəsi irilmiş molla NATO deyilən alyansdan ehtiyat etməsəydi, indi çoxdan «kiçik dövlətlərə» hucum etmişdi. Sadəcə, qorxu çox köpəkoğlu şeydir.
Başından yekə danışmaq isə pulla deyil, kefi istəyən zəvzəyə bilər…
Mirzə AĞ