Diversiyanı “futbol fanatları” törədəcəklərmiş - Moldova serbiyalı azarkeşləri ölkəyə buraxmayıb
14-02-2023, 00:13

Bu həftə Kişinyovda keçiriləcək Moldova və Serbiya futbol komandalarının görüşünə serbiyalı azarkeşlər buraxılmayacaq. Onların Moldovaya girişinə icazə verilməyib.
“AzPolitika.info” xəbər verir ki, bunu Moldovanın hakim partiyasından olan deputat Andrean Keptonar mətbuata açıqlamasında deyib. Buna səbəb isə “futbol fanatları” adı altında ölkəyə diversantların soxulması planıdır.
Ətraflı
Məlum olduğu kimi, son mətbuat konfransında Moldova Prezidenti Maya Sandu deyib ki, Ukrayna tərəfi Kremlin Moldovada vəziyyəti destabilizasiya etməklə bağlı planını ona təqdim edib. Həmin plana görə Rusiya, Belarus, Serbiya və Çernoqoriya vətəndaşlarından ibarət olan diversiya qrupları ölkədə vəziyyəti gərginləşdirməklə yanaşı, hakimiyyəti ələ keçirmək üçün tədbirlər hazırlamaq tapşırığı alıblar. Prezident bildirib ki, Kişinyovda dinc aksiyalar adı altında çevriliş yolu ilə hakimiyyətin zəbt olunması cəhdi gözlənilir.
Moldovalı deputatın dediklərindən isə belə məlum olur ki, ölkədə qarışıqlıq salmaq və çevriliş cəhdində “futbol fanatları” adı altında ölkəyə gəlməli olan şəxslər də iştirak etməli imiş. Lakin Ukrayna Prezidenti Violodimir Zelenskinin moldovalı həmkarına ötürdüyü məlumatlara əsaslanan Moldova xüsusi xidmət orqanları artıq mümkün təxribatların qarşısını almaq üçün tədbirlər görməyə başlayıblar.