Rubl “əriyir” – Məzənnə son 10 ayda rekord səviyyəyə enib

15-02-2023, 08:44           
Rubl “əriyir” – Məzənnə son 10 ayda rekord səviyyəyə enib
Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar özünü göstərməkdədir. Rublun məzənnəsi 2022-ci ilin aprelin sonundan ən aşağı səviyyəyə qədər ucuzlaşıb.

Pressklub.az Reuters agentliyinə istinadla bildirir ki, bu Rusiyanın karbohidrogen ixracından gələn gəlirlərinin rekord azalması ilə bağlıdır.

Fevralın 14-də birja satışı zamanı 1 dolların qiyməti 73.98 rubla bərabər olub.

Rublun məzənnəsi avro və Çin valyutası yuanla müqayisədə də düşüb.

Reuters yazır ki, hələ yanvar ayının ortalarında 1 dollar üçün 68 rubl məzənnəsində olan rublun bu dərəcədə ucuzlaşması xarici valyuta bazarının dinamikası və idxalla izah oluna bilər.

Fevralın 6-da bəzi Rusiya ixracatçılarına xarici valyuta gəlirlərini rubla dəyişməmək istisnası verilib.

Reuters qeyd edir ki, bu kapitala nəzarəti cüzi azaldıb və əslində Rusiya 2022-ci il boyunca rublun məzənnəsini məhz bu mexanizmlə sabit saxlaya bilib.

“Dost ölkələrlə” yeni kanallar

Alfa Capital şirkətinin təhlilçiləri bildirirlər ki, Rusiya “dost ölkələrlə” yeni təchizat kanalları qurur və bu səbəbdən idxalçıların xarici valyutaya tələbatı artıb.

Rusiya hökuməti neft və qaz qiymətlənin düşməsi ilə bağlı büdcədə yaranmış kəsir boşluğunu doldurmaq məqsədilə günə 8.9 milyard rublluq (120 milyon dollar) xarici valyutasını satışa çıxarır.

Enerji gəlirlərinin azalmasına dair proqnozlar da rublun zəifləməsinə təkan verib.

Rusiya Mərkəzi Bankı ölkənin əsas neft markası olan Urals neftinin bu il üçün proqnoz qiymətini bir barrel üçün 55 dollara endirib.

Bundan əvvəlki proqnoza görə Urals neftinin qyməti bir barrelə 70 dollar olaraq hesablanmışdı.

Bu arada Brent markasından olan neftin qiyməti 0.5 faiz düşərək 1 barrel üçün 86.2 dollar olub.

Rusiyanın əsas birja indeksləri də düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.