Keçmişə baxıb düşünmək üçün
20-02-2023, 08:44

9 dekabr 2018-ci ildə yazmışam
Ermənistanın əhəlisi 2018-ci ilin iyul ayının 1-nə (yəni, yeni hökumətin hesablamalarına görə) 2 mln. 969 min 800 nəfər olmuşdu.
Sarkisyan rejimi isə son illər seçkiləri saxtalaşdırmaq üçün seçici sayını həmişə artırırdı, yeni hökumət seçki siyahılarını hələ dəqiqləşdirməyib, Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə ölkədə, güya 2 mln. 592 min 481 nəfər seçici var.
Adi məntiq deyir ki, 2,9 mln. əhalisi olan ölkədə 2,6 mln. seçici, işğalçı ölkədə yaşı 18-dən aşağı cəmi 300 min nəfər ola bilməz. Sarkisyanın seçki fokusları nəticəsində seçici sayı süni artırılmışdı, bunun üçün xaricə köçənləri, orada yaşayanları seçici kimi siyahıda saxlayırdılar.
Bunları niyə yazdım: Ermənistanda bu gün parlament seçkiləridir, səsvermə bitdi, rəsmi məlumata görə seçici aktivliyi cəmi 48,63% olub. Tarixlərində ilk dəfədir ki, seçici aktivliyi 50%-dən az olub - çünki tarixlərində ilk dəfə normal, demokratik seçki keçiriblər və seçici aktivliyi şişirdilmiş seçici sayına görə hesablanıb. Ermənistanda 2 mln. nəfərə yaxın real seçici var, onların da 1 mln 260 min 840 nəfəri səsvermədə iştirak edib - bu da pis nəticə deyil.
Günümüzə-saatımıza bax da, işğalçı, düşmən dövlətdə demokratik seçkiləri izləyib köks ötürürük. Əgər bu seçki Dünya tərəfindən demokratik elan və qəbul edilsə, danışıqlarda işimiz daha da çətin olacaq - Dünya əzəli torpağımız olan Qarabağ ətrafında görüşləri işğalçı və işğal olunan arasında deyil də, demokratiya ilə avtoratizm arasında gedən danışıqlar kimi qavrayacaq...
Bu yazını da 4 oktyabr 2019-cu ildə yazmışam, link şərhlərdə.
Prezidentin Qarabağla bağlı Rusiyada Forum çərçivəsində çıxışını izlədim - yaxşı cavab idi, ən azı yadaşlarda uzun zaman qalacaq. Amma illərdir biz nə deyirdik - həm də Qarabağa, işğal məsələsinə görə təksəsli ölkə olmaq olmaz! Prezident həm sivil toplum, həm müxalifət, həm dövlət başçısı rolunu təkbaşına oynaya bilməz! Ermənistan işğal faktına demokratiya donu geyindirir, bu məsələnin qarşısını almağın yeganə yolu çoxsəsli cəmiyyət, parlament, hətta hökumət qurmaqdan keçir...
P.S. Dinləmirlər, oxumurlar, hətta daha irəli gedib mənasız həbsləri artırırlar, məsələn, Bəxtiyar Hacıyevi həbs etmək, indi həbsdə saxlamaq bu hökumətə nə verir, nə qazandırır ki?! Heç nə...
Natiq Cəfərli
Teref.az