"Vardanyanın istefası ilə bağlı müzakirələr gedir, nəticələr yaxın günlərdə bəlli olacaq..."
20-02-2023, 10:06
Azərbaycan Respublikasının Rusiyanın "sülhməramlı" adlanan hərbi kontingentinin nəzarətindəki ərazisində birbaşa Kremlin himayəsi altında fəaliyyət göstərən separatçı-terrorçu rejimin qondarma "dövlət naziri" "Ruben Vardanyanın istefası ilə bağlı müəyyən müzakirələr gedir, onların nəticələri yaxın günlərdə bəlli olacaq".
Moderator.az xəbər verir ki, bu barədə Ermənistanın “İnfoport” nəşrinə Xankəndindəki qanunsuz "parlament"dəki hakim “Azad Vətən-CDU” fraksiyasının rəhbəri Artur Arutyunyan danışıb.
“Hazırda Artsaxın dövlət naziri Ruben Vardanyanın istefası barədə heç nə deyə bilmərəm, lakin təbii ki, müəyyən müzakirələr var, onların nəticələri yaxın günlərdə bəlli olacaq”, - deyə Arutyunyan bildirib.
Xatırladaq ki, fevralın əvvəllərində mediada R.Vardanyanın Qarabağdan gizli şəkildə Moskvaya qaçması haqda məlumatlar yayılmışdı. Lakin sonradan o, yenidən Xankəndində göründü. Bəzi mənbələrin məlumatına görə Putun rejimi onu yenidən Azərbaycan torpağına qayıdaraq separatçılıq fəaliyyətini davam etdirməyə məcbur edib...