İranda xalqın post-molla rejiminə hazırlaşdığı görünür

20-02-2023, 12:36           
İranda xalqın post-molla rejiminə hazırlaşdığı görünür
Münhen Təhlükəsizlik Konfransında diqqətçəkən, həm də regionumuzun gələcəyi baxımından mühüm olan məqamlardan biri İran rejiminin dəvət olunmaması, əvəzində İran xalqını mühacirətdəki müxalif qüvvələrin şahzadə Rza Pəhləvinin rəhbərliyi altında təmsil etməsi idi. Münhen konfransının beynəlxalq nüfuzunu və oradakı müzakirələrin geosiyasi proseslərə yön verdiyini nəzərə alsaq, İranla bağlı yeni siyasi konfiqurasiya bəllidir:
- İran rejiminin legitimliyi dünya tərəfindən qəbul edilmir;
- Rejimin dəyişməsi prosesinin Rza Pəhləvinin liderliyi altında həyata keçirilməsi ssenarisi var;
Yanvarın 1-də İranın xaricdəki tanınmış simaları “2023-cü il İranda azadlıq və ədalətin bərqərar olması arzusuna” dair sosial media üzərindən kampaniyaya başladı. Birlik mesajı olaraq qəbul edilən bu kampaniya İran müxaliflərinin rejim əleyhinə koalisiyası kimi qiymətləndirir.
Daha sonra Rza Pəhləvinin lider kimi ortaya çıxması üzərində fikirlər irəli sürüldü. Şahzadənin yanvarın 13-də Londonda yerləşən “Manoto Tv”-ə müsahibəsində demokratik sistemi müdafiə etməsi bu prosesdə təkanverici rol oynadı. Və sosial şəbəkələrdə “Sən mənim nümayəndəmsən” həştəqi ilə geniş kampaniya başlandı. Hətta “Pəhləvi mənim nümayəndəmdir” adlı petisiyaya da start verilib.
Pəhləviyə münasibətdə iki yanaşma var:
a) Onu yeni lider olaraq tam dəstəkləyənlər;
b) Onu İranda demokratiyaya keçidi təmin edəcək “müvəqqəti fiqur” kimi görənlər;
Hər iki yanaşma İran cəmiyyətində şahzadənin dayaqlarını getdikcə gücləndirir və hər iki halda – yeni lider kimi önə çıxsa, yaxud “müvəqqəti fiqur” kimi qəbul edilsə belə, bu, İranda xalqın post-molla rejiminə hazırlaşdığından xəbər verir. Qərbdə də belə hazırlıq intensivləşib, Münhen konfransı prosesin görünən tərəfidir.
Bizim üçün vacib olan mümkün rejim dəyişikliyində Cənubi Azərbaycandakı soydaşlarımızın taleyi, hüquqlarının necə təmin ediləcəyidir.
Asif Nərimanlı
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.