Kremlin və səfir Kopırkinin xəbərdarlıqları işə yaramır
23-02-2023, 11:38

Bu gedişlə Kreml Paşinyan hökumətinə qarşı təzyiq alətlərini işə salmaq barədə düşünəcək
"Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin xüsusi missiyası var. O, daima erməni rəsmilərinə xatırladır ki, Ermənistanın müttəfiqi Rusiyadır və İrəvan Kremldən uzaqlaşa bilməyəcək".
Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik vurğulayıb ki, Kopırkin iki ölkənin bütün sahələrində əməkdaşlığın mövcud olduğunu söyləyib: "Bununla Kreml öz səfiri vasitəsilə Baş nazir Nikol Paşinyana mesaj göndərib ki, “sən istəsən də Rusiyadan qopa bilməyəcəksən”. Səfir deyib ki, təkcə dövlətlər arasında deyil, həm də xalqlar, insanlar arasında münasibətlər genişdir. O, iki ölkə arasında müttəfiqlik münasibətlərində, o cümlədən təhlükəsizlik sahəsində alternativ görmədiyini də təkrarlayıb. Buna baxmayaraq, Paşinyan Kremlin istəyinin əleyhinə olaraq avropalı müşahidəçiləri Ermənistanda yerləşdirib. Paşinyanın onlara böyük ümidi var. Bu o deməkdir ki, Kremlin və səfir Kopırkinin xəbərdarlıqları işə yaramır. Bu gedişlə Kreml Paşinyan hökumətinə qarşı təzyiq alətlərini işə salmaq barədə düşünəcək. Bu alətlərdən ən mükəmməli təbii qazdır. Rusiya Ermənistan üçün qazın qiymətini artıra və ya mavi yanacağın verilməsində kəsintilər yarada bilər. Bu halda Paşinyan Tehrana müraciət edərək İrandan nəql etdiyi qazın həcmini artırmasını istəyəcək. Tehran Paşinyanın xahişinə müsbət cavab verərsə, Kremlin planını pozmuş olacaq və bu, Rusiya-İran münasibətlərində suallar yaradacaq".
sherq