Separatçı "elita" Arayikə qarşı: - "Nəinki "dövlət"i, heç kələmi tapmırıq"

24-02-2023, 12:26           
Separatçı "elita" Arayikə qarşı: -
Dünən separatçıların rəhbəri Arayik Arutyunyanın təxribatçı Ruben Vardanyanı "dövlət naziri" vəzifəsindən uzaqlaşdırması erməni cəmiyyətində birmənalı qarşılanmadı. TEREF.AZ AzVision.az-a istinadla xəbər verir ki, yerli media bu qovulmanın gözlənilən olduğunu yazır.
"Hraparak"da dərc olunan məqalədə isə əslində siyasi problemlərin daha dərin olduğu, Xankəndinin çalxalandığı qeyd olunub. Müəllif separatçıların arasında ciddi qalmaqallar və söz davalarının yaşanması barədə faktları təqdim edib. Belə ki, fevralın 20-də Xankəndidəki Mədəniyyət Evinə toplaşan separatçı "elita" qondarma "Artsax hərəkatı"nın 35 illiyinə həsr olunmuş tədbir keçirməyi planlaşdırıb. Amma bayram etiraz aksiyasına çevrilib.
Məqalədə qeyd edilir ki, Arayik toplantını "birlik hərəkatı"nın başlanğıcına çevirməyə, qondarma qurumun qarşısında duran problemləri birgə həll etməyə çalışıb. Bu səbəbdən separatçıların "müxalifət partiyaları"na, keçmiş "prezident"lərə, cəmiyyətin bütün təbəqələrinə də dəvət göndərilibmiş. Lakin bir neçə nəfər diqqəti əsas məsələdən yayındırıb, tədbirin mahiyyətini gündəmdən çıxarıb. Onlar qondarma rejimin indiki rəhbərlərini tənqid etməyə başlayıblar.

Bu insidenti keçmiş rektor Hamlet Gevorqyan da təsdiqləyərək gileylənib: "Nə bayram, nə hərəkat? "Ölkə"ni itiririk". O qeyd edib ki, artıq Qarabağda heç bir "dövlət qurumu" qalmayıb.

- Dəhlizin fəaliyyətinin dayanmasının ikinci günü idi ki, Qarabağda kələm yoxa çıxdı. Bəs "Kənd Təsərrüfatı Nazirliyi" nəyə lazımdır?

Maraqlıdır ki, narazı çıxışları Arayik Arutyunyanın yaratdığı “Azad Vətən” partiyasının keçmiş deputatı Qaqik Petrosyanın atası Razmik Petrosyan davam etdirib.

Tədbirdə iştirak edən "deputat" Metaxe Akopyan da kəskin çıxışların olmasını, qalmaqallı hadisəni təsdiqləyib: “Əslində xatirə gecəsi planlaşdırılırdı, hərəkatın şurası müzakirə olunmalı idi. Lakin Hamlet Gevorkyan çıxışının əvvəlində proqramdan kənara çıxmalı oldu. O qeyd etdi ki, mövcud vəziyyət bunu tələb edir. Gevorkyan ümumi idarəetmədən gileyləndi. Razmik Petrosyan isə Arayik Arutyunyana üz tutub Qarabağ ləhcəsi ilə dedi ki, "görmürsənmi səni qəbul etmirlər? Bacarmırsan, işi burax getsin də... Oturub kimin bizə rəhbər olacağına qərar verəcəyik". Bundan sonra "prezident" zalı tərk edib".

İclasda separatçıların "Müdafiə Ordusu"nun keçmiş komandanı, general-leytenant Samvel Babayan da iştirak edib. O, bütün çıxışlar zamanı səs-küy salıb. Zalda oturanlardan biri isə ona “Syamon böyümür də” cavabını verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.