Zəngəzur dəhlizinin açılmamasının əsl səbəbi: - Ermənistan-Rusiya qalmaqalı üzə çıxdı

24-02-2023, 16:04           
Zəngəzur dəhlizinin açılmamasının əsl səbəbi: -
“Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan razılaşmalar çərçivəsində kommunikasiyaları tamamilə blokdan açmağa hazırdır”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İlham Əliyevin Münxendə keçirilən görüşdə Laçın dəhlizi də daxil olmaqla nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

Qriqoryan bildirib ki, həm Münxen görüşü zamanı, həm də digər görüşlər çərçivəsində Ermənistan tərəfi Laçın dəhlizi məsələsi ilə bağlı danışıqlar aparmayıb:

“Geniş kontekstdə kommunikasiyaların blokdan açılmasına gəlincə, Ermənistan bu məsələ ilə bağlı bütün öhdəliklərini yerinə yetirib. Hökumətin qərarı ilə artıq üç keçid məntəqəsinin yaradılması üçün məntəqələr müəyyən edilib. Azərbaycanın reaksiyasını gözləyirik. Birmənalı şəkildə məlumdur ki, bizim üçün kommunikasiyaların blokdan çıxarılması kontekstində ekstraterritorial mexanizmlərin müzakirəsi “qırmızı xətt”dir. Ermənistan tərəfi bunu müzakirə etməyib, etmir və etməyəcək”.

O qeyd edib ki, Ermənistan 9 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan razılaşmalar çərçivəsində kommunikasiyaları tamamilə blokdan açmağa hazırdır. Qriqoryanın sözlərinə görə, üçtərəfli Bəyanatda yalnız bir dəhlizin - Laçın dəhlizinin mövcudluğu göstərilir. Azərbaycanla Naxçıvanı birləşdirən yolun Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olması faktının suverenlik güzəşti olub-olmadığına dair suala Qriqoryan belə cavab verib:

“Belə bir şey nəzərdə tutulmayıb. Yola Ermənistan nəzarət edəcək. FTX yalnız Ermənistanın bu öhdəlikləri yerinə yetirməsinə nəzarət edəcək”.

O, Rusiya Federasiyası Prezidentinin fərmanının məhz bunu nəzərdə tutduğunu vurğulayıb. Ermənistan mediası üçtərəfli Bəyanatın 9-cu bəndini belə xatırladır:

“Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqələrinə nəzarəti Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Mühafizə Xidməti həyata keçirir”.

Qeyd edilir ki, Qriqoryanın istinad etdiyi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 10 noyabr 2020-ci il tarixli fərmanının 3-cü bəndinə uyğun olaraq:

“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə Ermənistan Respublikası tərəfindən Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti üçün nəqliyyat əlaqələrinin təmin edilməsinə nəzarəti həyata keçirmək tapşırılır”.

Armen Qriqoryanın açıqlamasından belə qənaət yaranır ki, Prezident Putin Rusiya FTX-nin Zəngəzur dəhlizində hərəkətə nəzarət hüququnu üçtərəfli Bəyanatın imzalanmasından bir gün sonra xüsusi fərmanla Ermənistana verib. Bu isə ya razılaşmanın mətnini Ermənistanın təhrif etməsindən, ya da Rusiya tərəfinin Azərbaycanı aldatmaq planından xəbər verir. Lakin Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr Bəyanatının 9-cu bəndinə nəzərə saldıqda, Armen Qriqoryanın həm üçtərəfli razılaşmanın, həm də Rusiya Prezidentinin fərmanının mətnini təhrif etdiyni görmək olar. Əsl varinat isə belədir:

“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

Bunu yuxarıda göstərildiyi kimi, Ermənistan mətbuatı da etiraf edir. Göründüyü kimi, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında hərəkətə nəzarəti Rusiya hərbçiləri həyata keçirməlidir. Ermənistan tərəfi isə nəqliyyat əlaqəsinin təhlükəsizliyinə, yəni terror, təxribat, silahlı basqın kimi halların baş verməyəcəyinə dair öhdəlik götürür. Analoji öhdəliyi 10 noyabr Bəyanatıının 6-cı bəndində Laçın dəhlizi ilə bağlı Azərbaycan da götürüb.

“Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”-deyə razılaşmada qeyd edilir. Laçın dəhlizinin mühafizəsi isə Rusiya sülhməramlılarına həvalə edilir. Qriqoryanın açıqlaması isə göstərir ki, Ermənistan yolun həm mühafizəsinə, həm də hərəkətə nəzarət funksiyasına iddialıdır. Yəni Ermənistan tərəfi Rusiyanın yolda nəzarət etməsinə ehtiyac görmür və hesab edir ki, FTX-nin sərhəd qoşunlarının bu fəaliyyəti eksterritoriallıq yaradır.

Bu da öz növbəsində dəhliz deməkdir. Rəsmi İrəvan eksterritoriallığı Ermənistanın suverenliyinə təhlükə adlandırmaqla Zəngəzur dəhlizinə dair öhdəlikdən yayınmaq üçün hüquqi əsas yaratmağa çalışır. Ona görə də Armen Qriqoryanın mesajının əslində Azərbaycana deyil, Rusiyaya ünvanlandığını görmək olar. Ermənistan tərəfi yola nəzarəti və təhlükəsizliyi öz üzərinə götürmək istəyini dilə gətirməklə Rusiyanın sərhəd qoşunlarını Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında hərəkəti təmin edən yolda görmək istəmədiyini bildirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.