Təbriz həbsxanasında saxlanılan Armita Pavir 20 gündür aclıq aksiyası keçirir

16-02-2024, 12:04           
Təbriz həbsxanasında saxlanılan Armita Pavir 20 gündür aclıq aksiyası keçirir
Keçən ilin sentyabr ayından bəri Təbriz həbsxanasında saxlanılan siyasi fəal Armita Pavirin təqribən 20 gün əvvəl başlatdığı aclıq aksiyasına davam etdiyi bildirilir.

Sosial şəbəkələrdə paylaşılan məlumata əsasən, ailəsi ilə telefon vasitəsilə danışan Pavir məsulların onu cəzalandırmaq üçün Təbrizdə Razi Psixiatriya Xəstəxanasına yerləşdirməyə çalışdıqlarını deyib.

Armita Pavir haqqında onun yaxınlarından məlumat alan hüquqçu Qasım Boedi Amerikanın Səsi ilə söhbətində sosial şəbəkələrdə yayılan məlumatı təsdiq edib. Qasım Boedi çərşənbə günü Amerikanın Səsinə deyib ki, “20 gün oldu ki, aclıq aksiyası başlayıb və hələ də aclığa davam edir.”

Təbrizin Azərbaycan Şəhid Mədəni Universitetinin tələbəsi Pavir 2022-ci ilin sentyabr ayında İranda baş qaldıran və aylarla davam edən hökümət əleyhinə etirazlar fonunda həmin ilin oktyabr ayında universitetin önündə həbs edilmişdi.

Vəkil Qasım Boedinin sözlərinə görə, “o, Şəhid Mədəni Universitenində təşkil olunan mitinqlərlə bağlı tutulub və etirazlara rəhbərlik etmək ittihamı ilə qarşılaşıb. Sonra zəmanətlə buraxılıb. Əfv sərəncamı gəldi. Amma qəbul etmədi. Dedilər ki, gəl tövbənamə (yazılı təəhhüd) imzala, qəbul etmədi. Dedi, mən bir iş görməmişəm ki, tövbə edəm! Universitetə almadılar... sonra da dosyesinə doğru olmayan başqa məsələlər qatdılar.”

İran hökuməti daha əvvəl də hökumət əleyhinə nümayişlərdə iştirak edənlərə qarşı psixiatrik xəstəxanaya yerləşdirməkdən bir cəza mexanizmi olaraq istifadə edib.

Armita Pavir təhsil aldığı universitetdə keçirilən mitinqlər ilə əlaqədar İnqilab Məhkəməsi tərəfindən 22 ay 17 gün həbsə məhkum olunub.

Amerikanın Səsinin də surətini əldə etdiyi məhkəmə sənədində yazılanlara görə, tələbə fəal “Azərbaycan Şəhid Mədəni Universitetində keçirilən qanunsuz mitinqlərə liderlik edib və sosial şəbəkələrdə material paylaşaraq nizama qarşı təbliğat fəaliyyəti göstərmək” və “ali dini liderin karikaturası ilə birlikdə həzrətləri haqqında təhqiramiz cümlələr və ifadələr paylaşaraq onu təhqir etmək” ittihamlarından dolayı müvafiq olaraq 15 ay bir gün və 7 ay 16 gün həbs cəzası alıb.

İranın İslami Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq, siyasi fəal barəsində çıxarılan ən ağır hökm, yəni 15 ay bir gün həbs cəzası icra edilə bilər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.