İlham Əliyev və Nikol Paşinyan sülh danışıqlarını davam etdirməyə söz veriblər VİDEO

20-02-2024, 13:08           
İlham Əliyev və Nikol Paşinyan sülh danışıqlarını davam etdirməyə söz veriblər  VİDEO
Azərbaycan Prezidenti İlham Əliyev Münhendə Ermənistanın Baş naziri ilə görüşünü “konstruktiv və faydalı” adandırıb, Nikol Paşinyan isə deyib ki, əldə olunan razılaşmalar yerinə yetirilərsə, bu, sərhəddəki gərginliyin azalmasına kömək edəcək.


Şənbə günü Münhen Təhlükəsizlik Konfransında iştirak edən Azərbaycan və Ermənistan liderləri Almaniya Kansleri Olaf Sholtz-ın vasitəçiliyi ilə bir araya gəliblər.

İlham Əliyev və Nikol Paşinyanın bu görüşü Azərbaycan-Ermənistan sərhədində 4 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən son insidentdən sonraya təsadüf edir.

Sərhəddə atəşkəs pozulmasında tərəflər bir-birini ittiham edir.

Prezident Əliyev ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helga Maria Schmid-lə görüşündə deyib ki, Paşinyanla müzakirə zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqlar əldə olunub, prezident.az yazıb.

İlham Əliyev sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının “çox real olduğunu” deyib və hazırda regionda “de-fakto sülhün mövcud olduğunu” bildirib, məlumatda deyilir.

Azərbaycan lideri COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyini bildirib, prezident.az qeyd edib.

"Yeni zorakılıq olmadan..."
Azərtac İlham Əliyev və Nikol Paşinyan arasında görüşün Olaf Sholtz-un təşəbbüsü ilə keçirildiyini yazıb.

"Görüşdə Almaniya Kansleri açılış nitqi ilə çıxış edib. O, Almaniyanın Ermənistanla Azərbaycan arasında sülh gündəliyini, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən aparılan missiyanı dəstəklədiyini vurğulayıb", - Azərtac yazıb.

Olaf Sholtz öz X hesabında yazıb ki, Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazırdır. "Mən bunu hər iki ölkə ilə müzakirələrdə təsdiqlədim. Hər iki tərəfin yeni zorakılıq olmadan açıq məsələləri həll etməyə razı olması yaxşıdır".
Apa yazıb ki, görüş sonradan ikitərəfli davam edib və Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər.
bbc












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.