Putinin KXDR liderinə hədiyyə göndərdiyi maşın Cənubi Koreyanı qəzəbləndirib - FOTO

21-02-2024, 11:11           
Putinin KXDR liderinə hədiyyə göndərdiyi maşın Cənubi Koreyanı qəzəbləndirib - FOTO
Rusiya prezidenti Vladimir Putin Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Ina "Aurus" markalı lüks avtomobil hədiyyə edib.

Buna səbəb KXDR liderinin Rusiyaya səfəri zamanı həmin model avtomobili çox bəyənməsi olub.

Şimali Koreya liderinin bacısı Kim Yo Çjon qardaşına göndərilən avtomobili “ən yaxşı hədiyyə” adlandırıb.

Qeyd edək ki, Cənubi Koreya "Aurus"un təhvil verilməsini sanksiyaların pozulması kimi qiymətləndirib və BMT-yə şikayət edəcəyini açıqlayıb.

Xatırladaq ki, Şimali Koreya lideri 2023-cü ilin payızında Rusiyada rəsmi səfərdə olub. Səfər çərçivəsində o, Putinlə birgə “Vostochnı” kosmodromunda olub. KXDR lideri “Vostochnı”da olarkən bu avtomobilə baxış keçirib və onu çox bəyənib.

"Aurus" brend Rusiya məmurlarının ənənəvi xarici avtomobillərdən yerli avtomobillərə keçməsi proqramı çərçivəsində yaradılıb. KİV-in məlumatına görə, layihənin dəyəri 12,4 milyard rubl təşkil edib. "Aurus" rəsmi olaraq 2018-ci ildə təqdim edilib. Daha sonra Putin seçkilərdə qalib gəldikdən sonra andiçmə mərasiminə "Aurus" senat limuzini ilə gedib.

Rusiya mətbuatı "Aurus"u “Rus Rolls-Royce” adlandırır. Britaniya şirkəti özü də bu müqayisəyə təmkinlə reaksiya verir.

“İnsanların bizi müqayisə etdiklərini eşitmişəm, amma əsl "Rolls-Royce" görmək istəyənlərə birbaşa bizimlə əlaqə saxlamağı məsləhət görürəm. Bu avtomobillərin daha ucuz olacağı o qədər də vacib deyil - müştərilərimiz üçün qiymət deyil, fərdilik önəmlidir”,-deyə "Rolls-Royce"-un regional direktoru Culian Cenkins bildirib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.