Parlament sədri: “Fransa prezidentinin bəyanatı həm Kiyevə, həm də Moskvaya siqnaldır”
28-02-2024, 18:48
Fransa prezidenti Emmanuel Makronun Qərb qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı bəyanatı tabunu pozur və həm Kiyevə, həm də Moskvaya siqnal göndərir.
Gununsesi.info xəbər verir ki, bunu Litva Seyminin sədri Viktoriya Kmilyte-Nielsen Qərb ölkələrindən Ukraynaya hərbçilərin göndərilməsini istisna etməyən Fransa prezidentinin bəyanatını şərh edərkən deyib.
“O, Ukraynaya Qərb müttəfiqlərinin daha da çox kömək etməyə hazır olduqlarına, həmçinin Rusiyaya Ukraynanı tərk etməyəcəyinə dair siqnal göndərir”, – Seymin spikeri bildirib.
Bir gün əvvəl Parisdə Ukraynaya dəstək məqsədilə təşkil edilən konfransın bağlanışında çıxış edən Makron bildirib ki, Ukraynaya qoşun yeritməkdə Avropa ölkələri arasında konsensus yoxdur, lakin gələcəkdə belə bir ehtimalı da istisna etmək olmaz.
Makron vurğulayıb ki, Rusiyanın Ukrayna ilə münaqişədə məğlub olması Avropanın təhlükəsizliyi və sabitliyi üçün lazımdır.
Makronunbəyanatlarını şərh edən Litvanın müdafiə naziri Arvydas Anusauskas bildirib ki, NATO ölkələrindən hərbi personal Ukraynaya döyüş üçün deyil, ukraynalılara təlim keçmək üçün göndərilə bilər.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov Qərb qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə NATO ilə Rusiya Federasiyası arasında birbaşa hərbi münaqişənin qaçılmaz olacağını bildirmişdi.
Bu arada Rusiyanın xarici işlər naziri Sergey Lavrov Fransa prezidenti Makron kimi Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü barədə fikirlərini bildirənlərə Avropa üçün daha rasional və təhlükəsiz fikirlər üçün “başlarından istifadə etməyi” tövsiyə edib.