Makron Qərb ölkələrinin adından niyə danışıb?

29-02-2024, 09:24           
Makron Qərb ölkələrinin adından niyə danışıb?
Fransa prezidenti Emmanuel Makronun Qərb dövlətlərinin hərbi qüvvələrinin Ukraynaya göndərilməsi mümkünlüyü barədə açıqlaması beynəlxalq aləmdə ən çox müzakirə olunan mövzulardandır. Makrondan başqa heç bir Qərb ölkəsinin lideri və ya müdafiə naziri bu barədə açıqlama verməyib. Belədirsə, Makron Qərb ölkələrinin adından niyə danışıb? Görünür, Makron bu yolla Rusiya ordusunun Ukraynada irəliləməsindən narahatlığını ortaya qoyub və bunun qarşısını almaq üçün məlum ifadəni işlədib ki, Kreml narahat olsun. Ancaq məsələ burasındadır ki, içi boş sözlərlə Rusiya geri çəkilməyəcək, tam əksinə Makronun dedikləri reallaşmasa, rusiyalı rəsmilər “nə oldu, bəs üstümüzə gəlirdiz” kimi kinayəli cümlələr işlədəcəklər. NATO ölkələri Rusiya ilə Ukrayna ərazisində savaşmaq istəmirlər, hətta Ağ Ev və Pentaqon Makronun açıqlamasını dəstəkləməyib. Avropa dövlətləri də müharibədə iştirak etmək istəmirlər. Ukraynaya silah və hərbi texnika göndərməklə, vətəndaşlarını ölümə göndərmək arasında böyük fərq var. Fransanın özündə də Makronun açıqlaması tənqid olunub, fransalı gənclər Ukraynada ölmək istəmirlər.
Ukraynaya hərbi qüvvələrini göndərmək istəyən Makron eyni istəyi Ermənistan üçün də səsləndirə bilər. Ancaq Fransa hərbçilərini Ermənistanda da rahat həyat gözləməyəcək. Ermənistanın baş naziri Nikol Paşinyan hazırki siyasətinə görə ikiqat – Rusiya və Azərbaycanın təzyiqi altındadır, üstəgəl çox sayda fransalı hərbçini ölkəsinə gətirmək istəsə bölgədə vəziyyət daha da gərginləşəcək və sülh sazişi imzalamaq imkanları miminuma enəcək.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru