Müharibə başlayarsa: - Fransa son anda “oyundan” çıxacaq

7-03-2024, 10:14           
Müharibə başlayarsa: - Fransa son anda “oyundan” çıxacaq
Ermənistan və Fransa uzunmüddətli perspektiv üçün müdafiə sahəsində əməkdaşlıq qurur.

“Cebhe.info”-nun məlumatına görə, Fransanın Ermənistandakı səfiri Olivye Dekotini belə açıqlama ilə çıxış edib. O, Fransanın Ermənistana göndərdiyi vasitələrin yalnız müdafiəyə yönəldiyini deyib. Səfir bildirib ki, Fransa Ermənistanın ərazi bütövlüyünün Azərbaycan tərəfindən pozulmasından narahatdır. Hətta diplomat öz fikirini əsaslandırmaq üçün İranı misal çəkib. Dekotini son bir neçə ildə qonşu İranın Ermənistanın suverenliyi və ərazi bütövlüyü ilə bağlı narahatlığını dəfələrlə ifadə etdiyini dilə gətirib.

“Əslində, BMT-yə üzv olan bütün dövlətlər bu məsələdə razılığa gəlməlidirlər. Çünki BMT Nizamnaməsinə əsasən, BMT-nin bütün üzv dövlətləri digər üzv dövlətlərin bütövlüyünü və suverenliyini tanımalı və dəstəkləməlidir. Bu, ümumi öhdəlikdir”,-deyə səfir əlavə edib. Olivye Dekotini Fransanın Erməınistanı silahlanlandırması ilə bağlı Azərbaycanın narahatlığına da münasibət bildirib:

“Bakı əmin ola bilər ki, Fransa Ermənistanı yalnız müdafiə avadanlığı ilə təmin edir. Bizim əməkdaşlığımızın forması, Ermənistana tədarük etdiyimiz texnikanın növləri ölkənin müdafiəsinə yönəlib, onlar sırf müdafiə xarakteri daşıyır... Ermənistanın hava məkanına girməsəniz, heç vaxt Ermənistanın hava hücumundan müdafiəsi ilə qarşılaşmayacaqsınız, bu, müdafiə potensialıdır. Biz Ermənistanın suverenliyini, ərazisini və xalqını qorumaqdan danışırıq. Lap əvvəldən açıq şəkildə qeyd olunurdu: təchiz etdiyimiz hər şey - silah, texnika, təlim bu məqsədi daşıyır”.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında imzalanmış ikitərəfli müqavilə Ermənistanın Fransadan müdafiə silahlarının almasını nəzərdə tutur. Lakin son vaxtlar Fransa və Ermənistan arasında hücum silahlarının tədarükünə dair razılaşma əldə olunub. Fransanın müdafiə naziri Sebastyan Lekornyu fevralın 23-də İrəvana səfəri zamanı Ermənistana uzaq mənzilli raketlərin veriləcəyini bəyan edib. Hindistanın Ermənistana uzaqmənzilli “Brahmos” raketlərini və “Akaş” zenit-raket komlekslərini də Fransanın sifarişi ilə verdiyi bildirilir. Çünki adıçəkilən hücum silahları Fransa və Hindistan tərəfindən birgə müqavilə əsasında istehsal edilir. Həmin sazişə görə, istehsal edilən silahlar tərəfdaş dövlətə verilə bilər. Bu səbəbdən, Hindistandan raketlərin alınması Fransa ilə razılaşmaya uyğun həyata keçirilir. Yəni səfir Dekontinin Ermənistana yalnız müdafiə silahlarının tədarükünə dair iddiaları Fransa müdafiə nazirinin dedikləri ilə ziddiyyət təşkil edir. Çünki Fransanın hücum silahları göndərməsi Ermənistanı müharibəyə hazırlamaq və Azərbaycanla sülh prosesini pozamaq məqsədi daşıyır.

Bu baxımdan, səfirin açıqlaması Fransanın bölgədəki destruktif fəaliyyətini gizlətməyə xidmət edir. Eyni zamanda, diplomat belə rəy yaratmağa çalışır ki, Ermənistanın ərazi bütövlüyünün guya Azərbaycan tərəfindən pozulmasından narahat olduğu üçün Fransa öz tərəfdaşını silahla təmin edir. Çünki Fransa Cənubi Qafqazda artan hərbi-siyasi fəallığını Ermənistanın Azərbaycanın “hücum” təhlükəsi ilə üzləşməsi və sərhədlərinin müdafiəsinin vacibliyi ilə izah edir. Yəni səfir “müdafiə silahları”ndan danışmaqla Fransanın bölgədəki təxribatçı addımlarına bəraət qazandırmaq istəyir.

Dekotinin mesajı əslində həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə ünvanlanıb. O, Fransanın hərbi dəstəyi olmadan guya Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin təhlükə altına düşəcəyinə eyham vurur. Bununla da, səfir Ermənistanın təhlükəsizliyinin əsas təminatçısının Fransa olduğunu diqqətə çatdırmağa çalışır. Halbuki, imzalanmış qarşılıqlı müqavilələrə uyğun olaraq, Ermənistanın öz təhlükəsizliyini Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına həvalə edib. Bu, Ermənistanın Hərbi Doktrinasında və Milli Təhlükəsizlik Strategiyasında da rəsmən təsbit olunub. Fransanın Ermənistana silah satması isə bu ölkənin milli təhlükəsizliyi üçün hüquqi baza yaratmır. Əskinə, Fransanın Cənubi Qafqazda münaqişə yaratmaq cəhdləri Ermənistan üçün ciddi problemlər yarada bilər. Çünki şərti sərhəddə yarana biləcək istənilən müharibənin Ermənistan ərazisinə keçməsi qaçılmaz olacaq. Bu halda Paris rəsmi İrəvan qarşısında hüquqi öhdəliyinin olmadığını əsas gətirərək Ermənistanın təhlükəsizliyinin təminatından yayınacaq.

Müşfiq Abdulla
“Cebhe.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.