Fələstinli həkim: “Başını tərpədən və ya hər hansı bir hərəkət edən kim var idisə, vurdular”

14-03-2024, 07:24           
Fələstinli həkim: “Başını tərpədən və ya hər hansı bir hərəkət edən kim var idisə, vurdular”
XƏBƏRDARLIQ: Xəbərdəki təfərrüatlar bəzi oxucularımızı narahat edə bilər.
BBC-yə danışan Qəzzanın tibb işçiləri keçən ay xəstəxanalardan birində reyd keçirən İsrail əsgərlərinin onları döydüyünü, gözlərini bağladığını, əllərini qandalladığını və soyunmağa məcbur etdiyini bildirib.

Qəzzanın cənubundakı Nasir xəstəxanasının həkimi Əhməd Əbu Səbha deyir ki, o, bir həftə həbsdə qalıb və İsrail əsgərlərindən biri onun əlini sındırıb.

Adlarını açıqlamaq istəməyən iki fələstinli tibb işçisinin dedikləri də Səbhanın söylədiyiklərinə bənzəyir.
Fələstinli səhiyyə işçiləri BBC-yə günlərlə həbs edilib təhqir olunduqlarını, soyuq su ilə isladıldıqlarını və saatlarla narahat formada diz üstə gözlədildiklərini deyirlər.
BBC bu iddialarla bağlı İsrail ordusuna sorğu versə də, rəsmilər məsələyə birbaşa münasibət bildirməyib.

Ordu rəsmiləri İsrailin əməliyyatlar əsnasında səhiyyə işçilərinə zərər verildiyi ilə bağlı iddiaları təkzib edib, “tutulanlarla pis rəftarın qaydalara zidd və qəti qadağan olduğunu” bildiriblər.

İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunisdəki Nasir xəstəxanasına fevralın 15-də hücum edib. İsrailin iddiasına görə, xəstəxanada Həmas döyüşçüləri gizlənibmiş. Oktyabrın 7-də İsrailə Həmas hücumları vaxtı girov götürülən bəzi israillilərin də bu xəstəxanada saxlanıldığı iddia olunurdu.

Reyd zamanı 4 xəstə həyatını itirib. Həmas isə döyüşçülərinin xəstəxanalara yerləşdirilmədiyini deyib.

Əməliyyatdan bir gün sonra- fevralın 16-da gizli çəkilən və BBC-yə verilən kadrlarda xəstəxananın təcili yardım binasının qarşısında alt paltarları ilə diz çökmüş vəziyyətdə bir qrup kişi görünür. Kadrlardan aydın olur ki, bu kişilərin əlləri bağlıdır. Bəzilərinin yanında isə tibb işçilərinin geyindiyi xalatları da görmək mümkündür.

“Başını tərpədən və ya hər hansı bir hərəkət edən kim var idisə, vurdular”, - xəstəxananın baş həkimi Atəf Əl-Hout BBC-yə deyib.

Onun sözlərinə görə, hücum zamanı saxlanılanlar “utancverici bir vəziyyətdə iki saat gözləyiblər”.

İsrail ordusu isə bildirir ki, “bir qayda olaraq, saxlanılma zamanı terrorda şübhəli bilinənlərin əlləri yuxarı qaldırılaraq geyimlərində partlayıcı olub-olmadığı yoxlanılmalıdır”.

Ordu rəsmilərinin açıqlamasına görə, geyimlərin içərisində bıçaq kimi alətlərin gizlədilməsinə şübhə olduğu üçün onlar dərhal geri qaytarılmır.

Tibb işçiləri xəstəxana binasına aparıldıqlarını, orada döyüldüklərini, daha sonra isə paltarsız vəziyyətdə saxlanılma məntəqəsinə aparıldıqlarını deyirlər.

Nasir xəstəxanasında könüllü işləyən 26 yaşlı həkim Əbu Səbha saxlanılarkən məruz qaldığı rəftarı “işgəncə” kimi qiymətləndirir.

Əbu Səbha saxlanılanların saatlarla ayaüstə gözlədildiyini, ac saxlanıldıqlarını və onların uzun müddət üzü üstə yatmağa məcbur edildiklərini də əlavə edir.

Həkim: "Elə bildim ki, edam edəcəklər"
Saxlanıldıqdan sonra buraxılan tibb işçiləri "Mübarək" adlandırılan doğum evinin İsrail ordusunun dindirmə mərkəzinə çevrildiyini deyirlər.

Burada tibb işçilərinin döyüldüyü iddia olunur.

Həkim Əbu Səbha buranın "işgəncə yeri”nə çevrildiyini qeyd edir:

“Məni bir stula oturtdular, dar ağacı kimi idi, kəndir səsləri eşitdim, fikirləşdim ki, məni edam edəcəklər”.

"Sonra pəncərələrdən birini sındırıb ayağımı kəsdilər. Məni qan içində qoyub getdilər. Digər həkimləri də oraya gətirib sıraya düzdülər. Onların adlarını və səslərini eşidirdim”.

İsrail ordusu bu iddiaları təkzib edir.

Mütəxəssislər BBC-yə verilən kadrların və şahidlərin söylədiklərinin “son dərəcə narahatedici” olduğunu deyir.

Bristol Universitetində Beynəlxalq Hüquq Mərkəzinin direktoru Doktor Lawrence Hill-Cawthorne BBC-yə deyir ki, “Bunlar silahlı münaqişələrlə bağlı əsas qanunlardan biri olan xəstəxanaların və tibb işçilərinin müdafiəsi prinsipini pozur”.

BBC bir neçə həftədir ki, xəstəxanada baş verənləri araşdırır və həkimlər, tibb bacıları, əczaçılar və oraya sığınmağa çalışanlarla əlaqə saxlayır.

Paylaşılan məlumatlar BBC tərəfindən çarpaz yoxlanma ilə təsdiqlənib.

BBC-nin əldə etdiyi məlumatlara görə, Nasir xəstəxanasında 49 tibb işçisi saxlanılıb. Onlardan 26-nın adı fərqli mənbələrdən təsdiqlənib.

Saxlanılan və sonra sərbəst buraxılan üç tibb işçisi üzləşdikləri bu vəziyyət barədə əvvəllər danışmayıbmış. Onların arasında həkim Əbu Səbha BBC-yə iki dəfə müsahibə verib. Onun dedikləri BBC tərəfindən müstəqil şəkildə yoxlana bilər.

Digər 5 tibb işçisinin ailəsi isə yaxınlarının hələ də itkin olduğunu deyir. Beynəlxalq Qızıl Xaç Komitəsi də Nasir xəstəxanasında olan və əlaqə kəsilən bir çox insanla bağlı onlara zənglər gəldiyini qeyd edib.

Bu xəstəxanadakı tibb işçiləri İsrail ordusunun əməliyyatından sonra xəstələrə qulluğun mümkünsüz olduğunu vurğulayır. Xəstəxanaya hücum zamanı orada 200 xəstənin müalicə aldığı qeyd olunur.

Bir neçə tibb işçisi hücumdan sonrakı günlərdə 13 xəstənin həyatını itirdiyini bildirib. Bunların çoxunun xəstəxanadakı şəraitə görə öldüyü bildirilir.

BBC bu detalları müstəqil formada təsdiqləyə bilməyib. Lakin bir həkimin paylaşdığı cəsəd torbalarına aid foto təsdiqlənib.

İsrail ordusu isə BBC-yə “xəstəxanaya qida yardımı edildiyini və elektrik enerjisinin bərpası üçün oranın generatorla təmin olunduğunu” bildirib.

Fevralın 18-də Ümumdünya Səhiyyə Təşkilatı xəstəxanada qida və əsas tibbi ləvazimatların tükəndiyini açıqlayıb. Xəstəxanada müalicə alan xəstələr Qəzzanın digər xəstəxanalarına göndərilib.

Xəstəxananın baş həkimi Atəf Əl-Hout-un fikrincə, bəzi xəstələr hücum əsnasında saxlanılıb.

Nasir xəstəxanasından bir şahidin göndərdiyi videoda görünür ki, İsrail ordusunun əsgərləri iki xəstəxana çarpayısını təkərli arabayla aparır, xəstələrin başı üstə qaldırılan əlləri isə bağlıdır. Biz bunun həqiqət olduğunu təsdiqləmişik.

İsrail ordusu tərəfindən yayımlanan başqa bir kadrda xəstəxananın baxçasındakı çarpayılarda yatan insanların əllərinin bağlı, qollarının oxşar formada yuxarı qaldırılmış vəziyyətdə olduğunu görmək mümkündür. Bu şəxslərin kimlər olduğunu və onların başına nələr gəldiyini bilmirik.

Britaniyanın xarici işlər naziri David Cameron BBC-nin fələstinli tibb işçilərinin İsrail əsgərləri tərəfindən döyülüb, təhqir olunması ilə bağlı xəbərinə “çox narahatedicidir” şərhini verib.

Cameron İsraili bu iddialara cavab verməyə çağırıb.

Xarici işlər naziri çərşənbə günü Lordlar Palatasında İsrail-Qəzza müharibəsi ilə bağlı suallara cavab verib. O, BBC-nin xəbəri ilə bağlı sualına cavabında “Xəstəxanadan olan kadrlar və xəbərlər çox narahatedicidir. Biz orada nə baş verdiyini dəqiq başa düşməliyik və bunun üçün İsrailin cavablarına ehtiyacımız var”, deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.