BMT-də COP29 ərəfəsində Azərbaycanda jurnalist həbsləri müzakirə olunub

28-06-2024, 15:54           
BMT-də COP29 ərəfəsində Azərbaycanda jurnalist həbsləri müzakirə olunub
İyunun 26-da Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 56-cı sessiyası çərçivəsində COP29 ərəfəsində Azərbaycanda ifadə azadlığının məhdudlaşdırılması və jurnalistlərin təqibləri müzakirə olunub.

Müzakirə Avropada yerləşən Azərbaycan QHT-ləri - "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu" (RATİ) və "İnsan Hüquqları İnstitutu" (İHİ) tərəfindən təşkil olunub.

Tədbirdə Azərbaycanda jurnalistlərin kütləvi həbslərinin ölkədə ifadə və fikir azadlığına təsirlərindən danışılıb. Bu həbslərin fərqli düşüncənin boğulmasına və informasiyaya nəzarətə yönəlmiş sistemli səylərin tərkib hissəsi olduğu bildirilib.

RATİ-nin direktoru Emin Hüseynovun sözlərinə görə, onlar bu məsələni COP29-la əlaqələndiriblər, repressiyaların vətəndaş fəallığına, o cümlədən yerli və beynəlxalq fəalların iqlim dəyişikliklərinə qarşı mübarizəyə yönəlmiş vacib addımları dəstəkləmək imkanına maneə təsirini araşdırıblar.

Təşkilat bildirir ki, hazırda Azərbaycan həbsxanalarında 30-dan çox jurnalist var və bu göstəriciyə görə ölkə Türkiyəni də geridə qoyaraq, Avropa Şurası ölkələri arasında "lider" hesab olunur.

RATİ nümayəndəsi Karina Pavlova tədbirdə qeyd edib ki, Azərbaycanda 300 siyasi məhbus var, onlardan 30-u jurnalistdir. O, həbsdə olan fəal Famil Xəlilovun və jurnalist Hafiz Babalının tibbi yardım olmadığına görə həbsdə əziyyət çəkən məhdud imkanlı şəxslərin işlərinə diqqət çəkib.

İHİ nümayəndəsi Diana Nazarets hüquq müdafiəçisi Anar Məmmədlinin həbsinə diqqət çəkib. O, COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etmək öhdəliyini xatırladıb.

"İnsan hüquqları olmadan iqlim ədalətliliyi olmur" - deyə, o bildirib.

Hüseynovun sözlərinə görə, dinləmələrdə 40-dan çox dövlətin BMT-nin Cenevrə ofisindəki nümayəndəliklərinin əməkdaşları iştirak ediblər.

Azərbaycan dövləti hələlik, tədbirdə səsləndirilənlərlə bağlı mövqe bildirməyib. Azərbaycan rəsmiləri müxtəlif zamanlarda bu cür çağırışları və tənqidləri "Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə" kimi qiymətləndirir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının tam təmin edildiyini qeyd edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.