Ərəb dövlətləri "Hizbullah" ilə barışdılar

29-06-2024, 12:44           
Ərəb dövlətləri "Hizbullah" ilə barışdılar
Ərəb Dövlətləri Liqası "Hizbullah" şiə təşkilatını terror təşkilatları siyahısından çıxarıb.
"Əl Əkbər" qəzetinin yazdığına görə, bu barədə Ərəb Dövlətləri Liqasının baş katibinin müavini Husam Zəki Beyrutda, "Müqavimətə sədaqət" parlament fraksiyasının başçısı Məhəmməd Raad ilə görüşü zamanı məlumat verib. Zəki bu hərəkatın Livanda mühüm yol oynadığını qeyd edib.
Qəzetin gətirdiyi sitatda deyilir: "Liqa "Hizbullah" təşkilatını terror qruplaşması siyahısından çıxarmağı qərara alıb. Çünki, bu partiya Livanın indiki və gələcək siyasətində mühüm rol oynayır".
Zəki ilə Raadın görüşü 2016-cı ildən bəri ilk hesab edilir. O zaman Səudiyyə Ərəbistanının təşəbbüsü ilə şiə partiyası Ərəb Dövlətləri Liqası tərəfindən terror təşkilatları sırasına daxil edilmişdi. "Hizbullah" Yaxın Şərqdə İran təsirini yaymaqda və İraqın, Yəmənin, Livanın, Suriyanın və İran körfəzindəki ərəb dövlətlərinin daxili işlərinə qarışmaqda ittiham edilirdi.
Beyrutda jurnalistlərin qarşısında çıxış edən misirli diplomat onun səfərinin məqsədinin Liqanın baş katibi Əhməd Əbu əl Qeytin Livan dövləti və xalqı ilə həmrəyliyini ifadə etmək olduğunu bildirib.
Zəki deyib: "Cənubdakı hərbi münaqişə təkcə Livanda deyil, bütün Yaxın Şərqdə təhlükəsizlik və sabitlik üçün ciddi çağırış hesab edilir. Xüsusilə də münaqişənin genişlənməsi təhdidi altında olduğumuz bir zamanda".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.