“Amnesty International”ın “kiberhücum hesabatı” birmənalı qarşılanmadı

11-03-2017, 09:59           

Osman Gündüz: “Özünə hörmət qoyan ölkə interneti izləməlidir”


“Amnesty International” beynəlxalq insan haqları təşkilatının açıqladığı yeni hesabatda bildirilir ki, Azərbaycanda siyasi fəallar “hökumət tərəfindən təşkil olunan” kiberhücumlara məruz qalırlar.


Təşkilat bildirir ki, Azərbaycanın insan haqları fəalları, jurnalistləri və siyasi dissidentləri “fərdi fişinq” (fərdi tovlama) üsulu ilə hədəflənir.


Bu da qeyd olunur ki, onların şəxsi informasiyalarının və şəxsi kommunikasiyalarının əldə olunması məqsədilə fəalların elektron poçtlarına və facebook dialoqlarına haker müdaxiləsi həyata keçirilir.


Təşkilatın son 13 ayda apardığı təhqiqat göstərib ki, parolların və kontaktların oğurlanmasına hesablanmış kiberhücumlar hökumətin müxtəlif tənqidçilərini hədəfləyib. Hesabatda qeyd olunur ki, haker müdaxiləsi məqsədilə qurbanların elektron ünvanlarına saxta email-lər göndərilir. Əgər adresat belə qoşmaları açarsa, onun poçtuna yüklənmiş virus hücuma məruz qalanının monitorundakı təsvirləri hakerə göndərir və beləliklə də haker qurbanın nə yazdığını aydın şəkildə güdə bilir.
Hesabatda deyilir ki, saxta elektron məktublar tanınmış insan haqları fəallarının və siyasi fəalların adlarından göndərilir.

Hesabatda deyilir ki, saxta email-lərə qoşulmuş saxta sənədlər konkret fəalların adından tərtib edilir. Məsələn guya Leyla Yunus tərəfindən tərtib edilmiş bir qoşma sənədi “2016-cı ilə olan vəziyyətə görə Azərbaycandakı siyasi məhbuslar” adlanırdı. Təşkilat bildirir ki, “Amnesty International” aşkar etdiyi faktlara dair hesabatı Azərbaycan hökumətinə təqdim edib. Azərbaycan hökuməti buna cavab olaraq bildirib ki, sözü gedən sənədləşdirilmiş hallar barədə şikayətlər daxil olmayıb və buna görə də bu barədə heç bir təhqiqat aparılmayıb.


Hesabatın məlumat hissəsində qeyd olunur ki, Azərbaycanda müstəqil jurnalistlər, insan haqları və siyasi fəallar, hökumətdən dəstək alan trollama kampaniyaları da daxil tez-tez internet qısnamasına və təqiblərinə məruz qalırlar. Bu da qeyd olunur ki, Azərbaycanda telefon və internet kommunikasiyalarının izlənməsinə icazə verən qanunlar Avropa İnsan Haqları Məhkəməsi tərəfindən tənqid edilib.


“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz hesab edir ki, istənilən şəxs üçün internet məkanında təhlükə var: “İnternetin bünövrəsi qurulandan bu təhlükələr var. Bu təkcə bizim problem deyil, qlobal problemdir. Ola bilər ki, kimsə hansı tərəfin marağındadır və belə olan halda onun hesabı müəyyən hücumlara məruz qala bilər, bu, qısa və ya uzunmüddətli ola bilər. İnternetdə belə hallar demək olar ki, hər gün baş verir. ”Amnesty International" Azərbaycanla bağlı konkret bir fikir bildiribsə, ona münasibət bildirmək olar. Amma belə də bir az çətin olur. Bəzən hökumət saytlarına hücum olanda konkret bir fikrə gəlmək olmur, Ermənistan tərəfdən olduğu da deyilir, yaxud xaricdən və daxildən olduğu vurğulanır. Kiberhücumları kimsə kənardan da edə bilər, daxildən də. Ona görə bu kimi məsələlərdə konkret faktlar tapıb, doğru fikir bildirmək lazımdır. Kiberhücumların mənbəyini tapmaq çətindir. Ölkə daxilində təhlükəsizliyə nəzarət edən qurumlar “Kiberhücumları haqqında qanun”a görə, beynəlxalq əməkdaşlıq etmədən araşdırma aparıb, internetdə fikir bildirmək çox çətindir. Bu da kiberhücumlar məkanının xüsusiyyətlərindən irəli gəlir".


O.Gündüz bildirdi ki, hər bir ölkə interneti izləməlidir: “Özünə hörmət qoyan ölkə interneti izləməlidir. Burada ciddi bir şey yoxdur. Qanunvericilikdə nəzərdə tutulan qaydada bunlar olmalıdır. Özünə hörmət edən ölkələrdə isə bunu izləyirlər. Bunu etməyən ölkə qınaq obyektinə çevrilməlidir. Hökumət bilməlidir ki, internetdə nələr baş verir, o insanlar nələr düşünür, nə münasibət bildirir. Bu cür informasiyalardan hökumətlərin necə bəhrələndiklərini görmək lazımdır. Düşünürəm ki, bizim hökumət də qanunvericilikdə nəzərdə tutulan qaydada izləməlidir, nəinki siyasi fəalları, hər kəsi. İctimai rəyin necə olduğunu öyrənmək lazımdır. Azərbaycan interneti son dövrlərdə ictimai rəyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bəlkə də, televiziyalardan da çox rol oynayır. Belə olan sual oluna bilər ki, ictimai rəyi formalaşdıran məkana hökumət necə diqqət etməlidir? Kimlərisə sıradan çıxarmaq üçün profilləri dağıdılmamalıdır. Yəni yaxşı məqsədlər üçün istifadə edilməlidir. Yetərli informasiya əldə olan zaman daha düzgün qərar qəbul etmək olur. Bunun üçün hökumətlərə interneti izləmək daha əhəmiyyətli olmalıdır. Bir faktı da qeyd edim ki, digər ölkələrdə olduğu kimi, bizdə də interneti izləməklə bağlı qanunvericilik var. Yəni bizdə də hər şey qanunvericiliklə tənzimlənir. Xüsusi xidmət orqanlarına icazə verilir ki, kiminsə profili cinayət axtarış tədbirlərinin tələblərinə uyğun olaraq izlənilsin.

Bunun da proseduraları var, hansı hallarda izlənilmə ilə bağlı. Şübhəli olan hər kəsi izləməyə qanunvericilik imkan vermir. Məsələn, cinayət işi qaldırılıbsa, gərək o dövlət əleyhinə yaxud terrorçuluqla bağlı olsun. Yəni cəmiyyət üçün təhlükəli olduqda, təhlükəsizlik orqanları bunun qarşısını ala bilməyəndə qanunvericilik imkan verir ki izlənilsin. Son dövrlərdə ölkəmizdə baş verən bəzi hadisələr onu göstərdi ki, bu qanunun təkminləşdirilməsinə ehtiyac var.

Burada ictimai nəzarət imkanlarının genişləndirilməsi ehtiyacı duyulur. İzlənmə ilə bağlı əldə olunan materialların məhv edilməsi halları var. Şəffaflıq və ictimai nəzarət imkanları artırılmalıdır. Bu sahədə Azərbaycanda qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılmasına ehtiyac var. Azərbaycan interneti ilə bağlı son bir ildə bizi də narahat edən bəzi hüquqi aktlar qəbul olunub. İstənilən halda demək lazımdır ki, Azərbaycan interneti qonşu ölkələrdən daha açıq, liberaldır.

Çünki ölkəmizdə heç vaxt internet məhdudlaşdırılmayıb, hətta ən çox siyasi aktivlik olduğu vaxtlarda belə. Belə hallar olan Türkiyə, Rusiya və digər ölkələrdə dərhal internet məhdudlaşdırılıb. Doğrudur, ayrı-ayrı mətbuat orqanlarına, şəxslərin profillərinə hücumlar olub. Amma bunun mənbəyi ilə bağlı nəsə demək üçün ciddi araşdırma olmalıdır. Hazırda kiberhücumlar çox sadələşib”.musavat.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.