Rusiya daha bir ölkənin təzyiqləri qarşısında

10-10-2017, 09:48           
Rusiya daha bir ölkənin təzyiqləri qarşısında
Elxan Şahinoğlu: “Kanada Amerika ilə eyni dəyərləri bölüşür”

Kanada parlamenti “Xarici ölkələrin korrupsiyalaşmış hökumətlərinin qurbanları” ilə bağlı qanun qəbul edib. Sənəd qanun qarşısında hər kəsin cavabdehliyini təsbit edən qanun adlanır.

Qanun əsasən, insan hüquqlarının pozulduğu ölkələrin hökumət nümayəndələrinə məxsus aktivlərin dondurulması və onların vizalarının ləğvini nəzərdə tutur. Müzakirələr zamanı təkliflər səslənib ki, ilkin olaraq “Maqnitski adına qanun” Kanadada çirkli pulların yuyulmasını həyata keçirən və vətəndaş hüquqlarının pozulduğu Rusiya, Venesuela, İran, Vyetnam və Myanmaya tətbiq olunsun.
Qeyd edək ki, bundan beş il öncə ABŞ-da qəbul olunan “Maqnitski aktı” fərdi şəkildə onlarla Rusiya vətəndaşı barəsində sanksiyalar tətbiq olunmasına imkan verib. Akt “Hermitage Capital” fondunun hüquqşünası Sergey Maqnitskinin adı ilə adlandırılb. Barəsində sanksiyalar tətbiq olunan həmin şəxslər Sergey Maqnitskinin 2009-cu ildə Moskvanın “Matrosskaya tişina” həbsxanasında müəmmalı şəkildə dünyasını dəyişməsi olayı ilə əlaqəli hesab olunur.

Kanada da belə bir qanunun qəbul edilməsi ilə bağlı bir sıra müzakirələr açılıb. Xüsusilə, qanunun ilk tətbiq olunduğu ölkələr sırasında Rusiya və İranın da olması Amerikanın hər iki dövlətə növbəti hücumu kimi qələmə verilir. Birləşmiş Ştatların yaxın əlaqələri olan ölkələr vasitəsilə Rusiyaya bu tipli təzyiqlər etdiyi vurğulanır.

Qanunun insan hüquqlarının pozulduğu ölkələrə tətbiq olunacağının qeyd olunması Azərbaycan tipli dövlətlərdə müzakirələrə yol açıb. Ölkəmizin Qərbdən ən çox bu ad altında təzyiqlərə məruz qalmasının bu qanunun bizim əleyhimizə də tətbiq ediləcəyi barədə fikirlər meydana çıxarıb.

Politoloq Elxan Şahinoğlu Kanadanın da ABŞ-ın yolunu getdiyini qeyd etdi: “Kanada Amerika ilə eyni dəyərləri bölüşür. Digər tərəfdən Kanada Ukrayna torpaqlarının işğalı məsələsində Amerika qədər həssasdır. Məsələ burasındadır ki, Kanadada böyük ukraynalı diaspora yaşayır. Onlar Kanadanın siyasətinə təsir etmək imkanına malikdirlər. Həmin ukraynalılar vətənlərinə bağlıdırlar və Rusiyanın Krımı işğalını və Donbas separatçılarına dəstəyini pisləyirlər. Kanada Amerikanın müttəfiqidir. Mümkündür ki, Rusiya əleyhinə qəbul olunan sanksiya qətnamələrində Vaşinqtonun rolu olub. Ancaq Vaşinqtonun Kanada hökumətinə təzyiq etdiyini də düşünmürəm. Elə hallar olub ki, Kanada hökuməti Ağ Evin siyasətini dəstəkləməyib və onun hansısa siyasətinə qoşulmayıb. Ancaq indiki halda, Kanada özü də insan haqları və Ukrayna mövzusuna həssas olduğundan Rusiya və digər dövlətlərə qarşı sanksiya qətnaməsi qəbul edib”.

E.Şahinoğlu Azərbaycanın Kanada ilə münasibətlərinin normal olduğunu söylədi: “Amerikanın və Kanadanın qəbul etdiyi son sanksiyalar insan haqlarını pozan, korrupsiyaya uğramış və siyasi məhbusları olan bir çox ölkəyə şamil edilə bilər. Siyasi və təhlükəsizlik baxımından Azərbaycanın ABŞ-la münasibətləri normal səviyyədədir. Azərbaycanın Kanada ilə münasibətləri də pis deyil. Ancaq Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı tənqidi hesabatlar da ortada var. Onu da nəzərə almaq lazımdır ki, Konqresdəki əksəriyyətin mövqeyi heç vaxt Azərbaycanın xeyrinə olmayıb və parlament səviyyəsində ölkəmiz əleyhinə qətnamənin qəbul ediləcəyi istisna deyil. Ancaq Kanada parlamentinin də Azərbaycana qarşı hansısa sanksiya qətnaməsi qəbul edəcəyini gözləmirəm. Əslində bu cür təhlükələrdən qurtulmağın yeganə yolu siyasi və məhkəmə islahatlarının dərinləşdirilməsi və mübahisəli adlandırılan məhbusların əfv olunmasıdır ki, bu cür qətnamələr Azərbaycanı hədəf almasın və düşmənlərimiz olan erməni separatçılara bizə qarşı bəhanə verməsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.