REAL funksionerindən Milli Şuraya sərt ismarış

28-10-2017, 09:42           
REAL funksionerindən Milli Şuraya sərt ismarış
Natiq Cəfərli: “Siyasi arenada bizim çox ciddi rəqibə çevrilməyimiz həm iqtidara, həm də ənənəvi müxalifətə sərf etmir...”

Azərbaycan hakimiyyətinin Milli Şuranın 28 oktyabrda keçirəcəyi mitinqə icazə verməsi və REAL hərəkatının 29 oktyabra planlaşdırdığı qurultayına icazə verməməsi hər iki qurumu üz-üzə qoyub. Bununla bağlı Milli Şura və REAL tərəfdarları sosial şəbəkələrdə bir-birilərinin ünvanına ən müxtəlif iddialar, ittihamlar səsləndirirlər.

REAL-çılar hakimiyyətin Milli Şuradan daha çox onlardan çəkdiyini, bunun üçün də onların qurultayına icazə verilmədiyi halda mitinq kimi insanların kütləvi şəkildə toplaşdığı tədbirə müsbət cavab verdiyini önə çəkirlər. Bir növ ölkə iqtidarının Milli Şuranı ciddiyə almadığını vurğulayırlar.

REAL tərəfdarlarının əslində qalsa, irəli sürdükləri arqumentlər kifayət qədər əsaslıdır. Belə ki, REAL qurultay üçün Bakı Şəhər İcra Hakimiyyətindən “Bakı” və “Təbriz” kinoteatrları ilə yanaşı, daha bir yer istəmişdi. Bu, Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evi idi. O yer ki, ölkənin ana müxalifət qurumlarından sayılan Müsavat və AXCP son qurultaylarını orada keçiriblər. Hakimiyyət qurultay üçün hansı siyasi qurum müraciət edirsə, cavab məktubunda mədəniyyət evini göstərir. Amma bu məkan REAL-ın üzünə qapadıldı.

Əslində qalsa, Milli Şuranın bu mitinqlərinin hakimiyyətin xeyrinə olduğu barədə indiyədək çoxsaylı fikirlər səslənib. Çünki son iki ayda Qərb Azərbaycan hökumətinə REAL sədri İlqar Məmmədov, demokratiya, insan haqları kimi məsələlərə görə təzyiqlər edir. Belə bir şəraitdə Milli Şuranın mitinqlərinə icazə verməklə iqtidarın Qərbə demokratiya göstəricisi nümayiş etdirdiyini düşünmək olar.

REAL-ın icraçı katibi Natiq Cəfərliyə də mövcud vəziyyət təəccüblü gəlir: “Biz müraciət edərkən onu düşünmüşdük ki, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində bütün partiyaların, əsasən də müxalifətin qurultayları, tədbirləri keçirilib. Əsas bunu nəzərə almışdıq ki, hamıya necə münasibət göstərilibsə, bizə də eyni münasibət olsun. Amma çox təəssüf ki, biz rədd cavabı aldıq. Düzdür, bəhanə olaraq dedilər ki, həmin gün tədbir var, guya kino nümayişi olacaq. Biz davamlı şəkildə həmin məkanın alınması üçün müraciət edəcəyik. Maraqlı olan cəhət odur ki, Milli Şuranın kütləvi aksiyasına icazə verilən bir şəraitdə REAL-ın qapalı bir tədbirinə, bir neçə saat çəkəcək təsis qurultayına, qurultayda iştirak edəcək 400 nəfərlik nümayəndəyə icazə verilmədi. Bu da müəyyən suallar doğurur. Əsas suallardan biri də odur ki, çox güman indiki şəraitdə yeni bir partiyanın yaranmasına, yeni nəfəsin gəlməsinə iqtidar o qədər də isti baxmır. Belə çıxır ki, hakimiyyətə ənənəvi müxalifət partiyaları ilə işləmək daha asandır, onları sistem daxilində müxalifət kimi görmək daha normaldır. Açıq bir kütləvi aksiyaya icazə verildiyi halda, indiyə qədər siyasi partiyaların tədbirlər keçirdiyi qapalı məkanda REAL-a icazə verilmir. Xatırlayırsınızsa, AXCP sonuncu qurultayını məhz bu məkanda keçirib. Bu, artıq hakimiyyətin münasibətinin göstəricilərindən biridir - həm İlqar Məmmədova, həm də REAL-a”.

REAL funksioneri hakimiyyətin daha çox REAL-dan çəkindiyi, Milli Şuranı o qədər də ciddiyə almadığı barədə fikirlərə bu cür münasibət sərgilədi: “Əslində bunu ictimaiyyət qiymətləndirsə, daha yaxşı olar. Belə bir bəyanat vermək özündən müştəbehlik çıxar. Amma fakt göz qarşısındadır. Bu da bir çox suallara aydınlıq gətirir. İndiki siyasi sistem elə qurulub ki, yeni oyunçuların, sistemdən kənar oyunçuların siyasi səhnəyə daxil olub, daha aktivlik nümayiş etdirməsi mövcud siyasi sistemin oturuşmuş olduğu qaydalara ziddir. REAL-a münasibət həm də bununla bağlıdır. Çünki indiyə qədər heç bir ciddi siyasi səhvə yol verməyən, rəhbəri 4 il yarımdan çox həbsdə olan bir təşkilatın siyasi arenada çox ciddi rəqibə çevrilməsi həm iqtidara, həm də ənənəvi müxalifətə sərf etmir”.

N.Cəfərli hakimiyyətin özünə rəqib bildiyi siyasi qurumları üz-üzə qoyma siyasətini yürütdüyü barədə iddialara da münasibət bildirdi: “Belə ehtimallar tez-tez səsləndirilir, həm sosial şəbəkələrdə, həm də ictimaiyyət arasındakı müzakirələrdə. Belə bir halın ola biləcəyi də istisna deyil. Amma Milli Şura və REAL arasında ciddi əməkdaşlıq yoxdur ki, aramızı vurmaq üçün müəyyən addımlar atılsın. Biz ilk gündən Milli Şuraya getmədik. Getməmə səbəblərimizi də açıqladıq. Sonralar haqlı olduğumuz da önə çıxdı. Milli Şuranın zəifləməsi, bəzi siyasi qüvvələrin oranı tərk etmələri nə qədər haqlı olduğumuzu sübut etdi. Milli Şura şəxslər üzərində qurulan bir təşkilat idi, ciddi ideoloji bazası da yox idi. Bu baxımdan düşünmürəm ki, bizim münasibətlərimizin korlanması üçün müəyyən addımlar atılsın. Münasibətlər neytraldır. Qarışıqlı hörmət şəklində əlaqələrimiz qurulub. Amma bu günə qədər heç bir əməkdaşlığımız olmayıb, çox güman ki, bundan sonra da olmayacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.