Mehriban Əliyevanın təşəbbüsü ilə yeni proqram İŞƏ BAŞLADI

5-10-2015, 16:14           
Mehriban Əliyevanın təşəbbüsü ilə yeni proqram İŞƏ BAŞLADI
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə fond tərəfindən “Koxlear implantasiya” proqramının həyata keçirilməsinə başlanıb.

Heydər Əliyev Fondundan Hafta.az-a verilən məlumata görə, proqramın icrası üzrə yerli və xaricdən dəvət olunan mütəxəssislərdən ibarət İşçi qrup yaradılıb. İşçi qrup 2015-ci ilin avqust ayından etibarən eşitmə qüsuru olan 250-dən artıq uşağı pulsuz müayinə edib. Müayinələr nəticəsində 80 nəfər üzərində koxlear implantasiya əməliyyatının keçirilməsinə qərar verilib, 70 nəfərin isə eşitmə aparatına ehtiyac olduğu müəyyən edilib.

“Əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edən Heydər Əliyev Fondunun “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə” layihələri, tibb müəssisələrinin inşası və yenidən qurulması, müxtəlif patologiyalardan əziyyət çəkən uşaqlar üzərində əməliyyatların aparılması, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasına xidmət edən layihələrin dəstəklənməsi bu gün öz müsbət nəticələrini göstərməkdədir”, -deyə fondun icraçı direktoru Anar Ələkbərov bildirib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu ildən etibarən başlanılmış eşitmə qüsurlu şəxslər, xüsusən də azyaşlı uşaqlar arasında “Koxlear implantasiya” proqramı çərçivəsində paytaxt və regionlardan eşitmə qüsuru olan şəxslər üzərində pulsuz müayinələr aparılıb, mütəxəssislər tərəfindən əməliyyata təyinat alan eşitmə qüsurlu şəxslərə implant qoyulması qərara alınıb.

A.Ələkbərov deyib ki, artıq oktyabrın 5-dək 26 nəfər əməliyyat edilib və bu şəxslər bir illik müddətində Fondun dəstəyi ilə reabilitasiya kursuna cəlb olunub. Koxlear implantasiya əməliyyatı edilən 26 nəfər əsasən 1-6 yaş arasındadır, bir nəfər isə 18 yaşındadır. Bu uşaqlar uğurla əməliyyat olunub, onlarda eşitmə sinirindən impuls alınıb.

Bu gün keçirilən hər iki əməliyyat Vilnüs Tibb Universitetinin professoru Yevgenyus Lessinskas tərəfindən həyata keçirilir. O, bir çox ölkələrdə koxlear implantasiyanın aparılması üzrə milli proqramlara iştirak edir. Bundan əlavə, bu əməliyyatların keçirilməsində Rumıniya, Moldova, Liviya, Özbəkistan, Qazaxıstan, Latviya və digər ölkələrdə təcrübə qazanıb. Bakıda olmağından məmnunluğnu ifadə edən litvalı alim Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun köməyi ilə Azərbaycanda bu əməliyyatların aparılmasının mümkünlüyünü bildirib. Bununla da eşidə bilməyən uşaqlara cəmiyyətin normal üzvləri olmağa yardım edəcəyinə düşündüyünü deyib. Azərbaycanda Fondun dəstəyi ilə pulsuz müayinə və əməliyyatların keçirilməsinin böyük uğur olduğunu qeyd edən litvalı həkim bu təcrübənin səmərəli nəticə verməsinin əsasən yaş faktorundan və valideynlərin uşaqlarda bacarıq yaratma vərdişlərindən asılı olduğunu vurğulayıb.

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Azərbaycanda həyata keçirilən koxlear implantasiya zamanı ilkin mərhələdə 100-dək şəxs üzərində əməliyyat aparılması və həmin şəxslərin reabilitasiya kursundan keçirilməsi nəzərdə tutulub. Bu proqramın icrası nəticəsində qeyd olunan şəxslər eşitmə və danışma qabiliyyətini bərpa etmək imkanı qazanacaq.

Koxlear implantasiya ilbizdə olan eşitmə sinirinin liflərinin elektrik impluslarla stimullaşdırılmasından ibarətdir. Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan implant yerləşdirilərək daxili qulaq protezləşdirilir. Koxlear implantasiyada qulağın xarici hissəsinə mikroprosessor (səslərin elektrik impluslara çevrilməsi üçün) və ötürücü qoşulur. Əməliyyatdan sonra bu şəxslərdə eşitmə imkanı yaranır. Koxlear implantansiya nəticəsində tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilir. Mütəxəssislər erkən yaşlarda aparılan əməliyyatların daha səmərəli nəticələr verdiyini və bu şəxslərə əlilliyin yaranma səbəbinin aradan qaldırıldığını qeyd edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.