Daha bir soydaşımızın adı tikinti qalmaqalında - Kliçkonun mətbuat katibinin əri, Vaqif Abdullayev və...
21-04-2015, 14:51
Ukraynanın paytaxtı Kiyevdə boksçu mer Viktor Kliçkonun yaxın adamının və azərbaycanlı iş adamının iştirakı ilə qanunsuz tikinti qalmaqalı yaşanır.
Virtualaz.org saytı Ukrayna mənbələrinə istinadən xəbər verir ki, bu qalmaqal bir il əvvəl başlayıb.
Azərbaycanlı iş adamı Vaqif Abdullayev mer Vitali Kliçkonun mətbuat xidmətinin rəhbərinin əri ilə ortaq olaraq Kiyevin Batıyev təpəliyi rayonunda çoxmərtəbəli bina tikmək istəyir. Lakin sakinlər tikintinin qanunsuz olduğunu bildirərək etiraz aksiyalarına əl atıblar. İş məhkəməyə qədər gedib.
Bu gün - aprelin 21-də Kiyevin Solomensk Rayon Məhkəməsi Vaqif Abdullayevin sahibi olduğu “Vaqra” ASC-nin fəallara qarşı iddiasına baxacaq. Şirkət Valentina Salivon-Peskova adlı qadını və digər fəalları ona məxsus əmlaka zərər vurmaqda ittiham edir.
Qarşı tərəf isə bildirir ki, Solomenko rayonunun qanunsuz tikintiyə etiraz edən bir qrup fəalı bu il fevralın 28-də tikintini aparan şirkətin qanunsuz quraşdırdığı çadırı söküb. Üstəlik Kiyev Şəhər Sovetinin “Vaqra” şirkətinə Volqoqradsk küçəsi, 25 ünvanında kommersiya təyinatlı çoxmərtəbəli binanın tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair qərarı Kiyev İnzibati Məhkəməsinin yüksək instansiyası tərəfindən qanunsuz hesab edilib. Buna baxmayaraq “Vaqra” şirkəti tikintini davam etdirir.
Bu tikintinin ortağı Kliçkonun mətbuat xidmətinin rəhbəri Oksana Zinovyevanın əri Baço Korçilavadır. 2015-ci ilin yanvarında sakinlər tikintiyə etiraz edərkən B.Korçilava mitinqçilərdən birini - Kiyevin baş arxitektorunun keçmiş müavini, şəhərsalma üzrə ekspert Viktor Qlebi hədələyib, onun qıçlarını sındıracağını deyib.
Gürcü iş adamı Baço Korçilava Vaqif Abdullayevin yaxın dostudur. Sakinlərin dediyinə görə, ola bilsin “Vaqra” şirkətinin payçılarından biridir.
V.Abdullayevlə sakinlər arasında tikintiyə görə dəfələrlə qalmaqal, qarşıdurma yaranıb. Bu il martın 19-dan 20-nə keçən gecə şirkətin texnikası tikinti üçün ayrılmış ərazidə ağacları kəsərkən yerli sakinlərin bir qrupu bunun qarşısını almağa çalışıb.
Tikintinin mühafizəçiləri isə etiraz edən sakinlərə odlu silahdan atəş açıblar. Nəticədə iki nəfər yaralanıb. Hadisə yerinə onlarla milis naryadı gəlsə də onlar heç bir tədbir görməyiblər və atəş açanlar saxlanılmayıb.
Ötən il isə sakinlərin tikintiyə qarşı keçirdiyi aksiyalardan biri zamanı Vaqif Abdullayevlə Kiyev Şəhər Sovetinin sakinlərin maraqlarını müdafiə edən deputatı, Solomensk rayonundan seçilən Andrey Andreyev arasında əlbəyaxa dava olub. Deputat deyib ki, Vaqif Abdullayev onun kürəyindən və böyrək nahiyəsindən zərbələr endirib.
İnsident deputatın V.Abdullayevin ərazisində olduğu vaxt baş verib. Azərbaycanlı iş adamı onu sakinləri qızışdırmaqda ittiham edib və vurub.
“O, məni açıq şəkildə hədələdi. Dedi ki, bax, başımda nə qədər çapıq yeri var. Senzuradan kənar ifadələr işlətdi. Fotoşəkil göstərib dedi ki, fəalların tikintinin hasarını uçurmasını mən təşkil etmişəm” - deyə deputat jurnalistlərə bildirib.
V.Abdullayev Kiyevdə uzun müddətdir bizneslə məşğul olur. Əvvəllər o, mağazalar şəbəkəsi işlədib. Ancaq 2005-ci ildə ziyanla işlədiyi üçün parakəndə satış biznesini - Kiyevin Solomensk və Qoloseyevsk rayonlarında yerləşən 4 “Vaqra” minimarketlərindən ibarət şəbəkəsini satıb. Ekspertlər onun 4 mağazasının dəyərinin 1 milyon dollar olduğunu təxmin edirdilər.
Daha sonra iş adamı Kiyevin Rusanovsk rayonunda, yaşıl zonada sakinlərin çoxsaylı etirazlarına baxmayaraq ictimai tualetin yerində “Daça” adlı restoran tikib. Hazırda onun Kiyev merinin müavinlərindən biri ilə ortaq olduğu haqda məlumatlar var.