Novruz çadırları qurulur: qiymətlər neçədir?- FOTOLAR

24-02-2019, 18:20           
Novruz çadırları qurulur: qiymətlər neçədir?- FOTOLAR
Novruz bayramının keçirilməsinə 1 aydan da az vaxt qalıb. Artıq Bakının bir çox yerlərində bu bayramla bağlı hazırlıqlara rast gəlmək mümkündür. Hər il bayram ərəfəsində şəhərin mərkəzi hissələrində yarmarkalar təşkil edilirdi.

Musavat.com-un əldə etdiyi məlumata görə, bu ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Ticarət Şirkəti növbəti bayram yarmarkasını təşkil edəcək. Yarmarka martın 15-dən 21-nə qədər, Nizami küçəsi 154 (28 May metrosunun yaxınığında) ünvanında baş tutacaq.

Yada salaq ki, ötən il martın 2-dən Bakıda Novruz bayramına görə kənd təsərrüfatı yarmarkaları təşkil olunmuşdu. Yarmarkalar əsasən metro stansiyalarının qarşısında yaradılırdı.

Belə ki, "Gənclik", "Nərimanov", "28 may", "İnşaatçılar" və "Koroğlu" metro stansiyalarının yaxınlığında çadırlar qurularaq meyvə, çərəz və digər bu kimi insanların Novruz bayramı ərəfəsində ən çox istehlak etdikləri məhsullar satışa çıxarılmışdı.

Musavat.com-un əməkdaşı olaraq müşahidə etdik ki, metronun “Nəriman Nərimanov” stansiyasının qarşısında artıq bu kimi çadırların qurulmasına başlanılıb. Çadırlarda işlər tam şəkildə başa çatdırılmasa da bəzilərində artıq çərəzlərin satışına başlanılıb. Müşahidə etdik ki, çadırlarda əsasən dibçəkdə gül, qoz, fındıq, kişmiş, xurma kimi məhsullar satışa çıxarılıb.

Qiymətlərə gəlincə isə bütün çadırlar bu xüsusda demək olar ki, eynilik təşkil edirlər. Belə ki, badamın kiloqramı 22 manata satılır. Qabıqsız fındığın qovrulmuşunun kiloqramı 15 manat, qovrulmamış isə 14 manatadır. Püstə növündən və keyfiyyətindən asılı olaraq 25-30 manatdır. Qabıqlı qozun qiyməti 5 manat, qabıqlı fındıq isə 6 manata satılır. Öyrəndik ki, qoz əsasən Zaqataladan, fındıq isə Xaçmazdan gətirilir. Qozun ləpəsi isə keyfiyyətindən və rəngindən asılı olaraq 12-18 manata satılır.

Əncir qurusu 14 manat,, xurma müxtəlif qiymətlərə var – 6-23 manata,, kişmiş 5-13 manata satılır.

Öyrəndik ki, yaxın günlərdə çadırlarda səməni, meyvə satışına da başlanılacaq. Satıcılar özləri də etiraf etdilər ki, bayrama doğru qiymətlərdə müəyyən qədər artım ola bilər...















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.