Qocalarımız nə qədərdir - SİYAHI
23-04-2015, 12:03
BMT-nin araşdırmasına əsasən, hazırda dünyada hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər 5 nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər 3 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxil olacaq”. Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib. O qeyd edib ki, bu da dünyada yaşlı əhalinin sayının ildən-ilə artdığını göstərir.
İ. İsayev bildirib ki, dünyanın inkişaf etmiş ölkələrindən fərqli olaraq, Azərbaycanda ahıllar əhalinin az bir hissəsini, cəmi 4 faizini təşkil edir: “Qeyd olunan kriteriyalar baxımından Azərbaycan əhalisi “cavan” əhali sayılır. Lakin dünya ölkələrinin çoxunda olduğu kimi, Azərbaycanda da əhalinin yaşlaşması prosesi müşahidə olunur. 1950-2010-cu illər ərzində 65 yaşından yuxarı əhali kontingentinin sayı dünya üzrə 5 faizdən 8 faizə qədər artıb. 2050-ci ilədək bu göstəricinin 12 faizə qədər artacağı proqnozlaşdırılır”.
İ.İsayev “Sosial xidmət haqqında” Qanuna əsasən yaşı 70-ə çatmış şəxsin ahıl hesab edildiyini, rəsmi statistikaya görə, respublikamızda belə şəxslərin sayının 390 min nəfərdən çox olduğunu bildirib: “Ahıl şəxslərin rifahında mühüm yer tutan pensiya təminatı mütəmadi olaraq gücləndirilir. Hazırda Azərbaycanda əmək pensiyalarının baza məbləği 100 manat, orta aylıq məbləği 175,1 manat, yaşa görə pensiyalar üzrə orta aylıq məbləğ 195 manatdır. Son on ildə orta aylıq əmək pensiyası 9,4 dəfə çoxalaraq, yoxsulluq həddini 1,7 dəfə üstələyib”. Nazir müavini həmçinin hazırda 664 nəfər Böyük Vətən müharibəsi əlilinin, 540 nəfər Böyük Vətən müharibəsi iştirakçısının, 11 nəfər İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş şəxsin Prezident təqaüdləri ilə təmin olunduğunu, ötən il bu təqaüdlərin məbləğinin əhəmiyyətli şəkildə artırıldığını bildirib: “1998-2014-cü illərdə ƏƏSMN tərəfindən 1075 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 102 nəfər şəxs isə mənzillə təmin edilib”.