"Azəriqaz"da işçilərin maaşlar verilmir - 1 ay dözməlidirlər...

23-11-2019, 09:54           
"Azəriqaz"da işçilərin maaşlar verilmir - 1 ay dözməlidirlər...
“Azəriqaz” İstehsalat Birliyinin işçilərinə əməkhaqqı verilmir.

Bu barədə məlumatı Cebhe.info-ya Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı verib. O deyib ki, “Azəriqaz” İB-nin ayrı-ayrı qurum işçiləri bu barədə təşkilata müraciət ediblər.

Belə ki, quruma daxil olan Bakı Regional Qaz İdarəsi, Ağsu Rayon Qaz İdarəsinin (tərkibinə 7 rayon daxildir) işçiləri ötən ayın əməkhaqqını ala bilməyiblər:

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsində bildirilir ki, əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə, bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. 178.1-ci maddədə isə göstərilir ki, işçiyə aylıq əməkhaqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir”.

***

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Cebhe.info-ya deyib ki, müqavilə ilə işləyən işçilərinin əvvəlki ayla bağlı maaşlarının gecikdirilməsi mətbuat tərəfindən qaldırılmışdı:

““Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bu dəfə göstəriş verdi ki, müqavilə ilə işləyən, sosial yardım alan işçilərin əməkhaqqı ilk növbədə verilsin. Aparatın və digər bölgələrdəki struktur vahidlərinin ştatla əməkhaqqı alan işçilərinin əməkhaqqı isə noyabrın 25-də tam tamamlanacaq. Yayda yığım aşağı olduğu üçün bu aylarda müəyyən qədər problem yaranır. Gecikmə daha olmayacaq və gələn aydan proses tam tənzimlənəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.