Səlim Müslümov tikinti maqnatlarını tənqid etdi
28-04-2015, 12:12
“2014-cü ildə baş verən istehsalat qəzaları nəticəsində zərərçəkənlərin 26%-nin, həyatını itirənlərin isə 31,1%-nin tikinti sektoruna aid olması faktı tikinti sektorunda hələ də əməyi mühafizəsi normalarına və qaydalarına riayət olunmasında problemləri mövcudluğunu göstərir”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov “Əməyin mühafizəsi sahəsində önləyici tədbirlər görülməsi mədəniyyətini birgə yüksəldək” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.
S. Müslümov bildirib ki, tikinti müəssisələrində aparılan təhqiqatlar zamanı məlum olub ki, bir neçə müəssislərdə sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır. Bundan başqa, nazir əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmadığını bildirib: “İşçilərin xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilməsində ciddi nöqsanlar qalmaqdadır”.
S. Müslümov istehsalatda bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə işəgötürənlər arasında maarifləndirici və qabaqlayıcı tədbirlər həyata keçirildiyini də bildirib: “İlk dəfə olaraq Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2014-cü ilin sentyabr ayından başlayaraq “Təhlükəsiz iş həftəsi”, cari il yanvarın 26-dan fevralın 5-dək “Təhlükəsiz iş ongünlüyü”, bu ay isə “Təhlükəsiz iş aylığı” elan edilib. Bu tədbirlər çərçivəsində çoxşaxəli məlumatlandırma tədbirləri ilə bərabər, müvafiq qurumların nümayəndələrinin iştirakı ilə tikinti və bir sıra istehsalat sahələrində əməyin mühafizəsi qaydalarına və normalarına əməl olunması vəziyyəti yerindəcə araşdırılır. 2014-cü ildə həyata keçirilən dövlət nəzarəti zamanı işçilərin həyat və sağlamlığı üçün təhlükəli əmək şəraitinin mövcud olduğu 12 tikinti sahəsində, mişar və dekorativ üzlük daşlarının istehsalı ilə məşğul olan 4 müəssisədə (daş karxanalarında) işlər aşkar olunan nöqsanlar aradan qaldırılanadək dayandırılıb”.
Görülən məqsədyönlü tədbirlərin istehsalatda baş verən bədbəxt hadisələrin sayının getdikcə azalması ilə müşahidə olunduğunu nəzərə çatdıran nazir bildirib ki, 2015-ci ilin yanvar-mart ayları ərzində istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb: “Bu, ötən ilin ilk rübü ilə müqayisədə 40% azdır. Həmin hadisələr nəticəsində həlak olanların sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50% azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49% azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb”.
S. Müslümov əlavə edib ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 11 may 2010-cu il tarixli Qanuna əsasən, bütün işəgötürənlər hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. “Bununla əlaqədar, bu növ icbari sığortanın təmin olunması məqsədi ilə sığorta şirkətləri ilə qarşılıqlı faydalı əlaqələr yaradılıb. Belə ki, 2013-cü ilin sonunda Dövlət Əmək Müfəttişliyi Xidməti ilə qanunvericiliyə uyğun fəaliyyət göstərən və müvafiq lisenziyası olan 3 sığorta şirkəti arasında Tərəfdaşlıq və Əməkdaşlıq sazişi imzalanıb. Məhz bu əməkdaşlığın nəticəsidir ki, bu gün biz işləyən əhalimizin tam olaraq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə əhatə olunduğunu deyə bilərik”.
Nazir ölkə başçısının 2014-cü il 3 fevral tarixli 100 nömrəli fərmanına əsasən, nazirlik tərəfindən istifadəyə verilən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə də toxunub. O bildirib ki, bu sistem əmək hüquqlarının təminatına dövlət nəzarətinin birbaşa və səmərəli təşkilinə, işçinin hazırkı əmək və gələcək sosial təminat hüquqlarını sual altında qoyan, qeyri-leqal məşğulluq hallarının aradan qalxmasına imkan verib: “2015-ci ilin 24 aprel tarixinə olan məlumata görə, elektron informasiya sisteminə 2 milyon 156 min əmək müqaviləsi bildirişi daxil edilib. Onların 72,4%-i və 1,56 milyon ədədi əmək müqaviləsinin bağlanması, 16,3%-i və ya 351 min ədədi əmək müqaviləsinə dəyişikliyin edilməsi, 11,3%-i və ya 243,6 min ədədi əmək müqaviləsinə xitamın verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləridir”.
S. Müslümov nazirlik tərəfindən yeni hazırlanan Əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyaya da toxunub: “Bu Strategiya əməyin mühafizəsi sahəsində kifayət qədər mühüm addımların atılmasını təmin edəcək. Burada yaxın gələcəkdə ölkədə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin yaradılması, əməyin mühafizəsinin idarə edilməsi sisteminin təkmilləşdirilməsi nəzərdə tutulur. Həmçinin risk qiymətləndirilməsi sistemi üzrə yüksək və orta risk qruplarına aid edilən sahibkarlarda əməyin mühafizəsinə dövlət və ictimai nəzarətin intensivliyinin artırılması, əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması və s. həyata keçiriləcək”.