İcra hakimiyyətləri sükut edirlər: 28 sorğuya 4 cavab

6-03-2021, 07:57           
İcra hakimiyyətləri sükut edirlər: 28 sorğuya 4 cavab
2020-ci il ərzində Azərbaycanda 129 min yeni iş yerləri açılıb, onların 54,9 faizi qeyri-dövlət sektorunun payına düşüb - Dövlət Statistika Komitəsinin (DSK) hesabatında belə deyilir.

Hesabata görə, yeni iş yerlərinin 69,3 faizi Bakı şəhərinin, 0,7 faizi Naxçıvan Muxtar Respublikasının, 30 faizi digər regionların, o cümlədən 6,6faizi Lənkəran, 6 faizi Gəncə-Qazax, 2,4 faizi Abşeron, 2 faizi Dağlıq Şirvan, 1,5 faizi Şəki-Zaqatala, 1,5 faizi Yuxarı Qarabağ, 1,4 faizi Quba-Xaçmaz, 0,2 faizi isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.

Hesabatda qeyd olunur ki, yeni açılmış iş yerlərinin 6,2 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 74,8 faizi mövcud müəssisə və təşkilatlarda, 0,3 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 18,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.

DSK 2020-ci ildə 20,1 min iş yerinin bağlanmasıı, bunların 28,1 faizinin qeyri-dövlət sektorunun payına düşməsi haqda da məlumat verib.

“Toplum TV” yeni iş yerlərinin hansı müəssisələrdə yaradıldığını, bağlanan iş yerlərinin hansılar olduğunu öyrənmək üçün fevral ayının 21-də 28 rayonun - Şəmkir, Samux, Goranboy, Göygöl, Daşkəsən, Ağstafa, Tovuz, Qobustan, Ağsu, İsmayıllı, Şamaxı, Laçın, Kəlbəcər, Zaqatala, Şəki, Qazax, Gəncə, Xaçmaz, Quba, Abşeron, Lənkəran, Naxçıvan, Bakı, Gədəbəy, Astara, Lerik və Masallının icra hakimiyyətlərinə informasiya sorğusu göndərib.

Aradan keçən müddət ərzində onların yalnız 4-ü – Lənkəran, Astara, Daşkəsən və Göygöl icra hakimiyyətləri sorğuya cavab yazıblar. Onların da ancaq birində – Daşkəsəndən gələnində sualın cavabı var.

Lənkəran Şəhər İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdrılması şöbəsinin aparıcı məsləhətçisi Kamran Axundov:

“Salam!

Müvafiq məlumatları əldə etməkdən ötrü Lənkəran Şəhər Statistika İdarəsi və 15 saylı Ərazi Məşğulluq Mərkəzinin Filialına müraciət etməyinizi tövsiyə edirik”.

Göygöl İcra Hakimiyyəti:

“Salam, suallarınızı məşğulluq mərkəzinə ünvanlayın”.

Astara İcra Hakimiyyəti:

“Bu məlumatların dəqiqləşdirilməsindən ötrü 15 saylı Ərazi Məşğulluq Mərkəzi filialına müraciət edə bilərsiniz”.

Daşkəsən Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru:

“2020-ci ildə Daşkəsən rayonu üzrə işlə təmin olunanların sayı 330 nəfər olmuşdur.

Ötən il ərzində 306 yeni iş yeri açılıb. 24 nəfərin işlə təminatı isə mövcud müəssisələrdə olub.

Nə qədər iş yerinin bağlanması barədə statistik hesabatlar hələlik dəqiqləşdirilməyib.

Açılan iş yerlərindən hamısı qeyri-dövlət sektorunun payına düşüb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.