Əmlak vergisi: Mahiyyəti, məbləği, məqsədi

13-03-2021, 23:28           
Əmlak vergisi: Mahiyyəti, məbləği, məqsədi
Xəbərdarlıq bildirişləri cərimələrə çevrilə bilər
Məlumat verdiyimiz kimi, artıq bələdiyyələr mənzil sahiblərindən əmlak vergisi tələb edir. Bununla bağlı ünvanlara xəbərdarlıq bildirişləri göndərilir. Bəzi insanlar isə nə ərazi üzrə bələdiyyələrin varlığından, nə də əmlak vergisindən xəbərdardırlar.

Xətai Rayon Bələdiyyəsinin üzvü Səbinə Abdullayevanın AYNA-ya verdiyi məlumata görə, hər hansı bir müəssisənin balansında olan əsas vəsaitlərə görə ödənilən vergi əmlak vergisi kimi başa düşülür: “Burada söhbət əmlak vergisindən gedirsə, onu qeyd edim ki, əmlak vergisi sənədsiz evlərdən tələb olunmur. Amma torpaq vergisi bələdiyyələr tərəfindən yığılır. Torpaq həmin vətəndaşların istifadəsində və mülkiyyətindədir. Vətəndaşın pasport qeydiyyatı varsa, çıxarışı yoxdursa, bələdiyyə ondan əmlak vergisi tələb etmir. Amma vətəndaş həmin evdə yaşayıb, işıq, qaz, su pulu ödəyirsə və evinin sənədi varsa, o zaman bələdiyyə əmlak vergisini tələb edir və etməlidir. Onu da qeyd edim ki, yaşayış yerlərinin çıxarışlarının olmaması bələdiyyələr üçün bu cür əngəllər yaradır. Yəni vətəndaş evində yaşayır, bütün kommunal xidmətlərdən istifadə edir, lakin evinin sənədi olmadığına görə bələdiyyə həmin vergini vətəndaşdan tələb edə bilmir”.

Müsahibimiz əmlak vergisindən azad olunanların siyasıhını da təqdim edib: “Pensiyaçılar, veteranlar, 1 və 2-ci qrup əllilər, şəhid ailələri, hərbçilər və evinin “kupça”sı olmayanlardan bələdiyyə əmlak vergisi tələb etmir. Hərbi xidmət müddətində əmlak vergisinə 30 manat güzəşt olunur. Torpaq vergisini isə ödəməlidirlər. Müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır”.

Bələdiyyə üzvü deyib ki, “Bələdiyyələrin maliyyəsi haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, bələdiyyə büdcəsinə aid olan vergilər var: “Buraya fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi və s. daxildir. Ona görə də vətəndaşlar yalnız əmlak vergisi deyil, borclu olduları digər vergiləri də ödəməlidirlər ki, bələdiyyələr də həmin ödənilən vergilərin əsasında sadaladıqlarım layihələri həyata keçirməkdə çətinlik çəkməsin”.

Bələdiyyələrin bu vergilər əsasında gördükləri işlərə gəldikdə, Abdullayeva qeyd edib ki, vətəndaşlar tərəfindən bələdiyyə büdcəsinə ödənilən həmin vergilər yenidən vətəndaşın öz həyatına qaytarılır: “Bu, abadlıq-quruculuq işləri, bir sıra sosial-mədəni, ekoloji v s. layihələrlə yenidən vətəndaşın həyatına qaytarılır. Ona görə də vətəndaşlar özləri aktiv şəkildə bu məsələdə maraqlı olmalıdırlar ki, bələdiyyə büdcəsinə vergi borclarını ödəsinlər”.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli də AYNA-ya açıqlamasında bildirib ki, vətəndaş qanunla müəyyən edilmiş formada əmlak və digər vergilərini ödəməlidir: “Biz digər kommunal xidmətlərlə bağlı ödənişlərimizi ediriksə, qanunla müəyyən edilmiş formada bu ödənişləri də həyata keçirməliyik. Lakin köhnə çoxmərtəbəli yaşayış binalarının sakinləri aylıq xidmət haqqı ödədiklərini əsas gətirərək əmlak vergisi verməkdən yayınırlar. “JEK” deməyə adət etdiyimiz mənzil istimar sahələri (MİS) isə yalnız binanın saxlanılması üçün xidmət haqqı tələb edir. Bu, əmlak vergisi ilə qarışdırılmamalıdır. Mənzil istimar sahələri tərəfindən alınan vəsait xidmət haqqıdır. Onun da rəsmi hesablanma qaydası var. Yaşayış sahəsinin hər kv. metrinə görə 0.02 qəpik aylıq xidmət haqqı ödəyirlər. Vətəndaşlarımız xidmət haqqı ilə əmlak vergisini dəyişik salır”.

Həmsöhbətimiz bələdiyyələrin 4 əsas maliyyə iqtisamətlərini açıqlayıb: “Bunlar vergi şəklindədir. Rüsum şəklində isə bir neçə istiqamətdən gələn büdcə gəliri var. Məsələn, dayanacaqlardan, bələdiyyə müəssisələrinə daxil olan mənfəət vergisi, statsionar ticarət obyektləri və s. ilə bağlı olan ödənişlər. Əmlak vergisi, torpaq vergisi, mədən vergisi, mənfəət vergisi – bu istiqamətlər bələdiyyələrin əsas maliyyə istiqamətlərini təşkil edir. Əgər vətəndaşın əmlakının çıxarışı varsa, həmin halda vətəndaşa tədiyyə bildirişi göndərilir və ona uyğun da əmlak vergisi yığılır. Sənədi olmayanlar isə istifadəsində olan torpağa görə vergi ödəməlidirlər. Və kimlərsə deyirsə ki, onların evinin sənədi yoxdur, amma onlara əmlak vergisi ilə bağlı bildirişlər gəlir, onlar bunu da qarışdırırlar. Ola bilsin ki, tədiyyə bildirişləri onlara torpaq vergisinə görə göndərilir. Çünki mülkiyyətçisi olmayan əmlaka istənilən halda tədiyyə bildirişi göndərə bilməzlər. Bu, qanunvericiliyə ziddir və buna heç kim risk edib etməz”.

“Əmlak vergisini ödəməyənləri nələr gözləyir” sualına gəldikdə QHT sədrinin sözlərinə görə, əgər evinin sənədi olan vətəndaş əmlak vergisindən yayınırsa, bələdiyyə iclasının qərarı ilə həmin vətəndaşların ad və soyadları ilə birgə protokol yazılır və göndərilir Ədliyyə Nazirliyinin icra idarəsinə: “İcra idarəsi də pulu həmin vətəndaşlardan tələb edir və alır. Burada ödəməmək söhbəti ola bilməz. Vətəndaş öz səs verdiyi orqanın vergisini də ödəməlidir. Gecikən ödənişlərə görə borcun faizləri də ödənilməlidir. Bütün bunlar qanun çərçivəsində öz həllini tapır və tənzimlənir”.

“Hələ 2014-cü ilin 20 iyun tarixində Azərbaycan Prezidenti “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu imzalayıb: “Qanuna edilən dəyişikliyə əsasən (maddə 11.4.), yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır”, - deyə Tofiqli vurğulayıb.

İqtisadçı ekspert Eldəniz Əmirov isə bələdiyyələrin işindəki bir çox boşluqlar olduğunu düşünür. Onun AYNA-ya dediyinə görə, əmlak və torpaq vergisilə bağlı təzadlı fikirlər, fərqli regionlarda fərqli mənzərələr yaradır: “Əslində, bu məsələ qanunvericilikdə aydın şəkildə təsbit edilib və heç bir qaranlıq məqam yoxdur. Yeganə fərq əmlakın və torpağın yerləşdiyi coğrafiyadan asılı olaraq vergiyə cəlb edilmə məbləğləri arasındakı fərqdir. Başqa sözlə, fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin hər kvadratmetrinə görə ödənilməli olan məbləğ fərqlənir. Bu məqsədlə Respublika ərazisi 4 kateqoriyaya bölünüb: Birinci kateqoriyada olan Bakı üçün bu məbləğ 0,4 manat, ikinci kateqoriyada olan Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu üçün 0,3 manat, üçüncü kateqoriyada olan digər şəhərlər və rayon mərkəzləri üçün 0,2 manat, 4-cü kateqoriyada olan digər qəsəbələr və kəndlər üçün 0,1 manatdır”.

“Bundan əlavə olaraq daha bir məqamı qeyd edim ki, yaşayış binası Bakı şəhəri ərazisində yerləşdikdə, bu qeyd edilən dərəcəyə aidiyyəti icra hakimiyyəti orqanı müəyyən əmsallar tətbiq edə bilər. Amma bir şərtlə ki, bu əmsalın sərhədləri 0,7-dən aşağı və 1,5-dən yuxarı olmamalıdır”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Əmirov əlavə edib ki, respublikanın hansı koordinatlarında yerləşməsindən asılı olmayaraq, yaşayış sahələrinə aid olan ilk 30 kvadrat metr sahə bu vergidən azaddır: “Məsələn, Sumqayıt şəhərində 100 kvadrat metrlik yaşayış sahəsinə malik əmlakdan onun 30 kvadrat metri çıxıldıqdan sonra yerdə qalan 70 kv.m. üçün 0.3 manatdan olmaqla 21 manat vergi öhdəliyi yaranır. Bütün bunlar qanunvericilikdə qeyd edilsə də, prosesin özünün icrası zamanı yenə də problemlər yaşanmaqdadır. Çünki, əgər əmlakın Dövlət Reyestr Xidmətinin verdiyi mülkiyyəti təsdiq edən sənədi yoxdursa, o zaman həmin mülkiyyətə əmlak vergisi tətbiq edilməməlidir. Əmlak vergisi yalnız mülkiyyəti təsdiq edən sənədi olan əmlaklara üçün şamil olunur”.

“Hazırda respublikamızda 500 mindən çox sənədsiz ev var. Bu, təkcə vergi sahəsində deyil, eyni zamanda daşınmaz əmlakın sığortalanması sahəsində də ortaya ciddi problemlər çıxarır. Buna görə də qısa vaxtda bu istiqamətdə ciddi işlərin görülməsinə ehtiyac var. Düzdür, 2015-ci ildə bu problemin həllinə dair fərman imzalandı. Ötən il isə cənab Prezident müvafiq qurumlara yenidən tapşırıqlar verdi. Bu dəfə də virus epidemiyası və ardından müharibə bu mövzunu gündəmdən çıxardı. Lakin bu problem təcili həll tələb edən problemlər kateqoriyasındandır. Təsəvvvür edin ki, hər evdə 4-5 ailə üzvünün yaşadığını və 500 min sənədsiz evin olduğunu nəzərə alsaq, aydın olur ki, Azərbaycanda 2,5 milyona yaxın insanın yaşadığı evdə qeydiyyat olmaması bir yana, ömrünü keçirdiyi bu ünvanın hüquqi təsdiqi yoxdur. Buna görə də ümid edirəm ki, aidiyyəti qurumlar bu problemin həlli üçün daha ciddi addımlar atacaq”, - deyə iqtisadçı fikrini yekunlaşdırıb.

Müəllif: Ülviyyə Şahin












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.