SDU-da yaşıl marafon kampaniyası keçirilir
2-05-2015, 20:08
teref.az-ya SDU-nun mətbuat xidmətindən daxil olan məlumata görə, ölkəmizdə Ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər sırasına “yaşıllaşdırma, abadlaşdırma, quruculuq” işlərinə də xüsusi önəm verilib.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-80-ci illərdə respublikamızda ekoloji məsələlərin həllinə böyük diqqət göstərilirdi. Ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Heydər Əliyev özünəməxsus tükənməz enerji ilə sənaye və kənd təsərrüfatının dirçəldilməsi, elm və mədəniyyətin inkişaf etdirilməsi sahəsində böyük işlər görməklə yanaşı, ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həll olunması, yaşayış məskənlərinin abadlaşdırılması və yaşıllaşdırılması məsələlərinə də daim diqqətlə yanaşırdı.
Ulu öndər Heydər Əliyevin təbiətə, gözəlliyə vurğunluğu, ətraf mühitə sayğısız münasibət göstərilməsinə qarşı barışmazlığı və qətiyyəti bu gün Prezident cənab İlham Əliyevin də fəaliyyətinin başlıca stimullarından birinə çevrilib. Yeni yaşıllıqların salınmasını ekologiyanın qorunmasında ən mühüm amillərdən sayan dövlət başçısının “Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər” haqqında sərəncamında da paytaxtın yaşıllaşdırılması və ətraf landşaftın estetik zövqlə tərtib edilməsi istiqamətində bir sıra tədbirlər nəzərdə tutulub.
Eyni zamanda, bu ilin noyabr ayından başlayaraq ölkəmizdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi Leyla Əliyevanın layihəsi əsasında ağacəkmə kampaniyasına start verilib. Respublikamızın hər bir güşəsində çoxlu ağac və gül kollarının əkilməsinə başlanılıb. “Yaşıllıq həyatdır, sağlamlıq, uzun ömür deməkdir” devizi altında mayın 2-də Sumqayıt Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ali təhsil ocağının ətrafında səliqə-səhman yaradaraq 500 şam ağacı, 300 həmişəyaşıl kol, 6 palma ağacı ağac əkmiş, bəzi ərazilərə qazon qatı döşəyərək gübrə vermiş, voleybol meydançasını istifadəyə yararlı hala gətirilmiş, qarşıda tennis kortunun da təhvil veriləcəyi nəzərdə tutulmuşdur.
Universitetdə “Yaşıllıq həm gözəllik, həm də sağlamlıqdır, ekologiyanın qorunmasında ən mühüm amildir” amalı ilə keçirilən iməcliyin davam etdirilməsi qeyd olundu.