Evlənmədə yaş fərqinin önəmi çoxmu vacibdir?
1-06-2016, 18:42
Ailə və nikah münasibətlərində yaş fərqinə hər zaman müxtəlif yanaşmalar mövcud olub
Çox vaxt insanlar nikaha daxil olarkən aralarındakı yaş fərqinin yaxın olmasına çalışırlar. Çox nadir hallarda evlənənlər yaşın önəminə fikir vermirlər.
teref.az bildirir ki, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin aparıcı məsləhətçisi Sevil Rəsulzadə modern.az-a deyib ki, nikahların hüquqi tənzimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2-ci maddəsində əsasən həyata keçirilir:
“Bu maddəyə görə, ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir.
Bildiyiniz kimi, Konstitusiyanın 34-cü maddəsinə əsasən, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Ailə Məcəlləsinə edilən dəyişikliklər əsasında nikaha daxil olmaq üçün minimum yaş həddi 18 qəbul edilib. Bu yaşda və daha böyük olan istənilən şəxs könüllü surətdə ailə həyatı qura bilər. Eyni zamanda, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər”.
“Özündən yaşca kiçik kişi ilə evlənən qadın qınağa tuş gəlir”
S.Rəsulzadə nikaha daxil olan tərəflərin orta yaş həddini də açıqlayıb:
“Statistik göstəricilərə əsasən deyə bilərik ki, nikaha daxil olan qadınların orta yaş həddi 23,7 kişilərin orta yaş həddi isə 27,6 kimi qeydə alınıb. Bu da olduqca normal göstəricidir.
Və bu gün üçün aktual olan məsələlərdən biri də ailə quran cütlüklər arasında olan yaş fərqidir. 90-cı illərdə belə bir fikir formalaşmışdı ki, kişi evin başçısı olduğu üçün mütləq qadından 3-4 yaş və daha böyük olmalıdır. Özlərindən yaşca kiçik kişi ilə ailə quran qadınlar çox zaman cəmiyyətin qınağına tuş gəlirdilər. Bu gün isə belə stereotiplərə fikir verənlərin sayı azdır. Hər kəsin ailə quracağı şəxsi sərbəst surətdə seçim hüququ var.
İnsanlar yaş fərqinə baxmayaraq, ailə qurmaq hüququna malikdirlər. Amma qeyd etməliyik ki, insanın yaşı artdıca, onun fikirləri, xasiyyətləri də dəyişə bilər. Düşünülmüş, ölçülüb-biçilmiş şəkildə ailə quran tərəflərdə problemlər az olacaq. Əlbəttə ki, dəyişikliklərin olacağını əvvəldən müəyyən etmək elə də asan deyil. Ümumiyyətlə, Azərbaycanda yaş balansının kifayət qədər pozulduğu faktlar nadir hallada aşkarlanır.
Erkən nikah halları 2011-ci ildə 5138 idisə, 2015-ci ildə bu rəqəm 388 təşkil edib”.
Yaşın nə fərqi var ki?…
“Ümumilikdə demək istərdim ki, ailə qurmaq istəyən insanların arasında yaş fərqi olmağının çox da böyük fəsadları yoxdur. Bəzi insanlar vaxtından əvvəl inkişaf edə bilər, yaxud dünyagörüşü özündən yaşca böyüklərdən qat-qat yüksək ola bilər.
Biz Komitə olaraq, ailələrin möhkəmliyinin təmin edilməsi, xüsusilə, sağlam münasibətlər, təməllər üzərində ailələrin qurulmasının tərəfdarıyıq. Azərbaycanın şəhər və rayonlarında erkən nikahların, məişət zorakılığının qarşısının alınması istiqamətində Komitə tərəfindən silsilə tədbirlər həyata keçirilir, maarifləndirici layihələr reallaşdırılır. Komitə tərəfindən “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, “Müasir ailənin cəmiyyətin inkişafında yeri və rolu”, “Müstəqillik dövründə ailə siyasətinin formalaşması – ənənələr, perspektivlər”, “Sağlam həyat naminə erkən nikaha yox deyək” və s. adda seminarlar, konfranslar həyata keçirilib. Eyni zamanda maarifləndirici bukletlər paylanılıb.
Ailə institutunun möhkəmləndirilməsi, güclü və sağlam ailələrin formalaşması, ailə dəyərlərinin qorunub saxlanması dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Biz bu qiymətli sərvəti qorumalı, gənc nəsli sağlam ruhda tərbiyələndirməliyik”.