Kreditlərin məhdudlaşdırılması - gecikmiş addım, yoxsa?
2-06-2016, 09:55
Ekspertlər bildirirlər ki, aparılan sərt monetar siyasət və qadağalar bank sektoruna mənfi təsir göstərməkdədir...
Ölkədə dollar kreditlərinin verilməsinə qadağa qoyulması kreditləşməni faktiki olaraq dayandırıb. Banklar dollarla kredit verməyə həvəsli olsalar da, bu, artıq mümkün deyil. Manatla kreditlərin verilməsində isə banklar maraqlı görünmürlər. Üstəlik, manat kütləsinin az olması bir tərəfdən, bunu da mümkünsüz edir. Ekspertlər növbəti devalvasiya ehtimallarından dnaışaraq, kreditlərin qadağan edilməsinin bunun qarşısını almaq üçün vasitə hesab edirlər. Ancaq kreditlərin verilməsinə qadağalar problem yaratmaqdadır. Hətta beynəlxalq agentlik olan “Moody`s” da bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının kreditləşməni məhdudlaşdırması gecikmiş addımdır.
Açıqlamada bildirilir ki, ölkədə iki devalvasiya dalğasına baxmayaraq bəzi banklar özlərini olduqca rahat hiss edir və gəlirliliyini qoruyur. Bank sektorundakı dollarlaşmaya gəldikdə isə, bildirilib ki, 2015-ci ilin sonuna depozitlərin 82 faizi xarici valyutada yerləşdirilib və bu, MDB ölkələri arasında ən yüksək göstəricidir.
“Moody`s Investors Service” beynəlxalq reytinq agentliyinin kiçik vitse-prezidenti Mariya Malyukova bildirib ki, cari ilin birinci rübündə xarici valyutada yerləşdirilən depozitlər üzrə faiz dərəcəsinin aşağı salındığının, manatla olan depozitlər üzrə faiz dərəcəsinin artırıldığının şahidi olublar: “Bu, azacıq da olsa dedollarizasiyaya səbəb oldu. Başqa sözlə, əmanətçilərin 1-2 faizi dollarda olan əmanətlərini manata çevirdi. Bununla yanaşı, situasiya hələ də volatildir. İki devalvasiya dalğasından sonra manata inam itib. Əmanətçilərin çoxu bütövlüklə konvertasiya etməkdən çəkinirlər. Vəziyyətin stabilləşməsi və manata inamın bərpa olunması üçün bir qədər vaxt lazımdır”.
“Moody`s”un proqnozlarına əsasən, manatın məzənnəsi stabilləşsə belə, dollarda yerləşdirilən depozitlərin səviyyəsi 50 faizdən aşağı düşməyəcək.
Maliyyə Bazarlarına Nəzarət Palatasının kreditləşmə ilə bağlı tətbiq etdiyi bəzi məhdudiyyətlərin sektora təsirindən söz açan M.Malyukova bildirib ki, bu addımları kredit risklərinin azaldılması baxımından müsbət qiymətləndirmək olar, eyni zamanda, onlar gecikmiş də hesab oluna bilər: “Bu addımlar devalvasiyadan öncə atılsaydı, onlar itkilərin azalmasına səbəb ola bilərdi. İndi isə bunlar bir növ postfaktum sayıla bilər. Buna baxmayaraq, bu addımlar pozitiv sayıla bilər”.
Ekspert Vüqar Bayramov isə Maliyyə Bazarlarına Nəzarət Palatasının kreditlərə qadağa qoymasına münasibətini açıqlayıb. Onun sözlərinə görə, səbəblərindən biri uzun müddət Azərbaycanda kreditlərin verilməsi ilə bağlı ciddi qaydaların olmamasıdır: “Əslində devalvasiya bank sektorundakı problemləri sürətləndirdi. Azərbaycanda devalvasiya olmasa da belə, Azərbaycanın bank sektorunda problemlər olacaqdı. Çünki uzun müddət yüksək faizə alışmış Azərbaycan kommersiya banklarının böyük əksəriyyəti menecmentliyin inkişaf etdirilməsini, istifadəni tətbiq etmədi. Uzunmüddətli gəlir əldə etmək, yüksək faizlər bank sektorunu arxayınlaşdırdı. Təbii ki, devalvasiya da problemli kreditlərin həcminin artmasına və yeni durumda bank sektorunda problemlərin üzə çıxmasına səbəb oldu. Əslində devalvasiyadan öncə belə biz dəfələrlə mətbuatda da bildirirdik ki, mövcud məzənnə siyasəti və bankların mövcud faiz dərəcələri böhrana aparacaq. Bank sektorunda piramida formalaşmışdı. Bunun da əsas səbəbləriundən biri ondan ibarət idi ki, Mərkəzi Bank kreditləşməyə müxtəlif səbəblərdən ciddi nəzarət etmirdi. Praktik olaraq kommersiya banklarının hətta ictimai yerlərdə belə plastik kartlar paylamasına belə göz yumurdu. Nəticə göz qabağındadır. Problemli kreditlərin həcmi artıb, kredit ödənilməsində problem var, bəzi banklar əmanətləri geri qaytara bilmir. Kreditlərin məhdudlaşdırılmasına yox, əslində kredit şərtlərinin dəyişdirilməsinə ehtiyac var. Təbii ki, bu, bir müddət olmalıdır. Sözsüz, palata çalışır ki, problemli kreditlərin həcmi artmasın. Ən azı, növbəti dövrlərdə problemli kreditlərin həcmində kəskin artımlar olmasın. Amma əvvəllər verilmiş problemli kreditlərin həlli istiqamətində faktiki olaraq addımlar ata bilmir. Çünki verilib, istifadə olunub və geri qaytarılmasında problem var. Mərkəzi Bankın etməli olduğu iş idi, ancaq bunu etməyib. Nəticədə Palata çalışır ki, indi verilən kreditlərin böyük bir qismini geri qaytarmaq mümkün olsun. Ona görə düşünürəm ki, atılan addımlar növbəti dövr üçün indi verilən kreditlərə təsir göstərəcək”.
Ekspertin sözlərinə görə, indiki məqamda Mərkəzi Bank və Palata çalışmalıdır ki, daha çox stimullaşdırıcı metodlardan istifadə etməklə, əvvəllər verilmiş və geri qaytarıla bilməyən kreditlərin geri qaytarılmasını təmin etsin: “Bu, olduqca vacibdir. Dəfələrlə qeyd etdiyimiz kimi, kreditlərin məhdudlaşdırılmasından daha çox əvvəllər verilmiş kreditlər üzrə xarici kompensasiyanın ödənilməsinə ehtiyac var. Yaranan məzənnə fərqinin bank, müştəri və dövlət arasında bölüşdürülməsi zərurəti ortadadır. Elə etmək lazımdır ki, bu gün geri qaytarılmayan kreditlərlərin dönüşünü təmin etmək mümkün olsun. Ona görə də indiki məqamda istər Palatanın, istər Mərkəzi Bankın fəaliyyəti stimullaşdırıcı metodlardan istifadə etməklə əvvəllər verilmiş, amma indi geri qaytarıla bilməyən problemli kreditə çevrilən pulların geri qaytarılması üçün addımların atılması ilə bağlı olmalıdır”.
Ekspert Natiq Cəfərli isə musavat.com-a qeyd edib ki, sözügedən Palatanın kreditləri məhdudlaşdırması qərarı “Moody`s”un rəyindəki kimi, həm gecikmiş qərardır, həm də bir az bazara təsir etmək imkanları məhdudlaşmış qərardır: “Çünki görünən odur ki, banklar işləyə bilmir. Banklar özlərini sığortalamaq üçün kredit verməkdən imtina edirlər, həm də manat kütləsi aşağıdır. Mərkəzi Bankın sərt monetar siyasəti nəticəsində banklarda manat çatışmazlığı da müşahidə olunur. Bunun nəticəsində banklar məcburən dollarla kreditlərin verilməsini irəli çəkirlər. Dollarla kreditlər verməyə çalışırlar. Manatla kreditlər onsuz da məhdudlaşıb. Yəni qərarın verilməsi ona gətirib çıxardı ki, ölkədə kreditləşmə dayandı. Bunun yolu dollar kreditlərinəə qadağa qoyulması deyil, manat kreditlərinin verilməsinin təşviqinin artırımasından keçir. Burada maneələr ondan ibarətdir ki, Mərkəzi Bank da çəkinir və qorxur ki, manat dövriyyəsi artdıqca, manatla verilən kreditlərin həcmi artdıqca, manata basqılar artacaq. Kreditlərin böyük bir hissəsinin dollara çevrilmə ehtimalı var. Ona görə sərt siyasəti yerinə yetirir ki, manatın məzənnəsini müəyyən stabil şəraitdə saxlaya bilsin. Amma bu, ona gətirib çıxardı ki, ölkədə ciddi iqtisadi tənəzzül var, iqtisadi aktivlik zəifləyib. Rəsmi məlumatlara görə, bu ilin dörd ayında ümumdaxili məhsul 4,5 faiz azalıb. Dünya ölkələri arasında Azərbaycan ən çox iqtisadiyyatı daralan ölkələr arasında düşdü. Bir tərəfdən, məzənnəni stabilləşdirsələr də, digər tərəəfən, iqtisadi aktivliyə böyük zərbə vurdular”.