OPEC bu gün mühüm qərarlar verəcək –Neft yenə bahalaşacaqmı?
2-06-2016, 11:49
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) bu gün keçiriləcək iclasında, hasilat həcminin (kvotanın) dəyişdiriləcəyi gözlənilmir. OPEC-in Vyanada toplantısı Bakı vaxtı ilə 16:00-da başlayacaq.
"Marja" xəbər verir ki, neft qiymətlərinin aşağı düşməyə başladığı 2014-cü ilin İyun ayından bu yana 4-üncü dəfə keçiriləcək OPEC toplantısını dəyərləndirən ekspertlər kartelin hasilatı azaltmaq qərarı verəcəyini gözləmədiklərini ifadə edirlər.
Londondakı müstəqil araşdırma qurumu "Capital Economics"in mütəxəssisi Tomas Pugh verdiyi açıqlamada, ötən ilin dekabr ayında keçirilən OPEC-in son toplantısında kartelin rəsmi hasilat kvotasını qaldırdığını xatırladaraq, "Səudiyyə Ərəbistanı və İran öz neft istehsallarında dəyişikliyə getməkdə maraqlı deyillər. Bu, OPEC daxilində razılaşma olmasını əngəlləyir. Rəsmi kvota razılaşdırılsa belə, bunun neft təklifində bir dəyişiklik edəcəyini zənn etmirəm. Çünki daha əvvəl OPEC-in kvotası olanda da üzvlər buna əməl etmirdi", – deyib.
Kanada, Venesuela, Nigeriya və ABŞ-da neft hasilatlarının azalması səbəbilə qlobal bazarlarda xam neft qiymətlərinin yüksəlməsini də şərh edən Pugh, qiymətlərin bazarda tələb-təklif tarazlığı əmələ gəlmədən artdığını qeyd edərək, sözügedən ölkələrin istehsallarında artım səbəbilə qiymətlərin yenidən aşağı düşəcəyi barədə xəbərdarlıq edib.
Pugh, xam neft qiymətlərinin bu ilin sonunda orta hesabla 45 dollar, gələn il isə 60 dollar olmasını nəzərdə tutduğunu ifadə edib.
İqtisadçılar bildirirlər ki, kartel daxilində hər hansı bir razılaşmanın olması İranın iştirakına bağlıdır. Səudiyyə Ərəbistanı isə ABŞ-ın yüksək xərcli neft istehsalçılarını bazarda sıxışdırmaq strategiyasından əl çəkməyəcəkdir.
OPEC ölkələri və Rusiyanın iştirakı ilə Aprelin 17-də Qətərin paytaxtı Dohada reallaşan neft istehsalçılarının toplantısında İranın istehsalını artırması səbəbindən Səudiyyə Ərəbistanı istehsalını "dondurmaycağını" açıqlamşdı.
Yanvar ayında barrelinin qiyməti 30 dollardan aşağı düşən xam neft qiymətləri hazırda 50 dollar səviyyəsinə yaxındır. Analitiklər bildirirlər ki, artan qiymətlər səbəbindən ABŞ-da neft hasilatının yenidən artacaq və bu vəziyyətin də qiymətlərin yenidən aşağı düşməsinə səbəb olacaqdır.
ABŞ Mərkəz Bankı Fed-in bu yay faiz artırması halında da neftin qiymətlərində yenidən azalma ola biləcəyi xəbərdarlıq edilir. Dünya miqyasında yüksək olan xam neft ehtiyatları da qiymətlərdə aşağı istiqamətli təzyiq yaradır.
Strateq.az