Marketlərdən fərqlənməyən qiymətlər, "kənddən gəlmiş" bakılı satıcılar - Nazirlik isə susur...

5-03-2024, 16:29           
Marketlərdən fərqlənməyən qiymətlər, "kənddən gəlmiş" bakılı satıcılar - Nazirlik isə susur...
Yerli meyvə-tərəvəzin azaldığı, keyfiyyətini itirdiyi mövsümdəyik.

İri marketlərdə istənilən meyvə-tərəvəzi baha olsa da, tapmaq mümkündür. Amma marketlərdən alınan meyvə-tərəvəz adətən evə gəlib çatana kimi qaralır, keyfiyyətini itirir. Çünki satışa çıxarılan meyvə-tərəvəz uzun müddət soyuducularda saxlanılır. Normal hava şəraitində isə xarab olur.

Kəndlinin öz əli ilə yetişdirib, satdığı məhsulları şəhərətrafı bəzi bazarlarda tapmaq olur. O da hamı üçün əlçatan olmadığından əhali marketlərlə kifayətlənir.

Əvvəllər “Kənddən şəhərə” yarmarkaları keçirilirdi ki, bu da əhalinin “əlindən tuturdu”. İndi isə Bakıda sadəcə bir ünvanda -“Gənclik” metrostansiyasının çıxışında təşkil olunan yarmarkanın sadəcə adı var.

TNS-in əməkdaşı yarmarkada olub, vəziyyəti müşahidə edib.

Burada tam bir sakitlik hökm sürür. Müştəri yox dərəcəsində olduğundan satıcıların hərəsi bir tərəfdə telefonu ilə məşğuldur. Rayondan gəldiklərini desələr də, söhbət əsnasında yavaş-yavaş şəhərdə yaşadıqları, müxtəlif ünvanlarda mağazaları olduğu ortaya çıxır. Əgər belədirsə, onlar məhsulu kənddə necə yetişdirir?

Satıcılar bir az aqressivdir. “Gələn-gedən, müştəri varmı?” sualına sualla cavab verirlər: “Hər şey göz qabağında deyilmi?”

Bəziləri şükr edir. Deyirlər ki, yarmarkanın ilk günü gələnlər olub.

Qubadan olduğunu deyən satıcı iddia edir ki, onlar yarmarkaya məcburiyyətdən gəlirlər: “Burada armudu iki manata verirəm. Kənddə evin içində 1.5 manata sata bilirəm ki, bu, mənə daha rahatdır. Məcburən gəlirik. Gəlməsək, güzəştli şərtlərlə verilən gübrə, toxum kimi vasitələri ala bilmirik. Yarmarka Əhmədli qəsəbəsində olanda yaxşı idi. Gələn çox olurdu, biz də sata bilirdik. Burda müştəri yoxdur. Biri də Binəqədidə vardı, ora ümumiyyətlə, gələn-gedən yox idi. Axırda ləğv elədilər. Qarşıdan bayram gəlir. Gəlib bir həftə burda durmalıylıq”.

Qeyd edək ki, bazarda təqdim olunan qiymətlər marketlərdən nisbətən ucuz olsa da, kiçik meyvə-tərəvəz mağazalarından daha bahadır. Alıcılar da qiymətlərdən razı deyil.

Göyərti alan yaşlı bir xanım marketdə daha ucuz satıldığını deyir: “Ümid edirik ki, burda daha ucuz olar, gəlirik, amma bahadır”.

Alma alan başqa bir xanım isə bunları deyir: “Keçən həftə almanı 1,60 manata verirdilər. İndi gəlmişəm 1,70 olub. Yəqin gələn həftə daha da bahalanar. Mən istədiyim bir alma var ki, onu başqa yerdə tapa bilmirəm. Ona görə uzaq da olsa, gəlib bura çıxmışam”.

Qeyd edək ki, yarmarkda pomidor 3,6, kartof 0,9-1,2, armud 2-3, nar 3-4 manata satılır. Çərəzlər, quru meyvələr şəhərin mağazaları ilə eyni, Bakıətrafı qəsəbələrdə olan qiymətlərdən yüksəkdir.




Kərə yağı adı ilə 10 manata satılan yağ da var, 20 manata satılan da. 10 manata kərə yağı qoyan xanımdan məhsulu haradan gətirdiklərini və belə ucuz olmasının səbəbini soruşuruq: “Gədəbəydən gətirmişik. Ucuzluğuna gəlincə, kəndli adamıq, özümüz düzəltmişik”.

Qeyd edək ki, bu sozü deyən xanım tam bir aktrisa görkəmində idi. Təbii ki, fikrimiz kiminsə görünüşünü şərh etmək deyil. Amma “kəndçiyik, özümüz istehsal edirik” deməsi ilə qətiyyən uyğunlaşmayan bir mənzərə var idi.

Daha bir məqam satılan kənd toyuqları ilə bağlıdır. Ağ sellofona qoyulan və üzərində heç bir açıqlaması, yazısı olmayan beçələrin biri 10-12 manatdan satılır.

Satış yerlərinin əksəriyyəti boş idi. Bir sözlə, yarmarkda real mənzərə “Kənddən şəhərə” yox, “Şəhərdəki mağazalardan yarmarkaya” reallığını orta qoyurdu.

Qeyd edək ki, yarmarkada satıcıların məcburi iştirakı ilə bağlı iddialara münasibət öyrənmək üçün Kənd Təsəsrrüfatı Nazirliyinə müraciət etsək də, cavab almaq mümkün olmadı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.