Bayram tətilində hansı ölkələrdə və neçəyə dincələ bilərik?
5-03-2024, 18:49

Novruz bayramı ilə əlaqədar 1 həftə qeyri-iş günü olacaq.
Hər kəs tətil günlərini fərqli keçirməyi planlaşdırır. Bəziləri ölkədə, bəziləri isə xaricdə dincəlməyə üstünlük verir.
İstirahət günləri ilə bağlı turizm şirkətləri xüsusi turpaketlər təklif edir. Qiymətlərə gəlincə, tətil paketləri o qədər də ucuz deyil.
Mövzu ilə bağlı TNS-ə danışan “Skal” Baku Turizm Peşəkarları Assosiasiyasının sədri Ceyhun Aşurov deyib ki, qiymətlər ötən ilə nisbətən artıb: “Azərbaycan vətəndaşları tətil üçün xarici ölkələrdən ən çox Türkiyə, Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərini seçirlər. Ən münasib tur qiymətləri təxminən belədir: Tbilisi 300-400, İstanbul 500-600, Dubay 500-600 dollar. Dubaya viza rejimi ləğv olunduğu üçün insanlarımız orda dincəlməyə üstünlük verir”.
O qeyd edib ki, bəzi insanlar isə daha uzaq ölkələri seçirlər: “Böyük şəhərlərdən uzaqda dincəlmək arzusundan olanlara 1000-1300 dollara Şri-Lankada, 1500-1800 dollara isə Taylanda səyahət təklif olunur. Buraya təyyarə, otel qiymətləri daxildir”.
Ceyhun Aşurov deyib ki, hansı istiqamətə endirimlər tətbiq olunursa, turistlər o tərəfə axın edir: “Bu amil istər Azərbaycandan xaricə gedən, istərsə də xaricdən Azərbaycana gələnlərin sayına təsir edir. Artıq AZAL da qiymətlərin optimallaşdırılması ilə bağlı müəyyən addımlar atır. Şirkətin uçuşların çoxluğunu nəzərə alaraq, qiymətləri dəyişdirəcəyigözlənilir".