Naxçıvan universiteti bağlandı - Bəs növbədə hansı ali təhsil müəssisəsidir?
6-03-2024, 08:24

Ölkənin məşhur ali təhsil müəssisələrindən biri olan Naxçıvan Universiteti bir neçə gün əvvəl fəaliyyətini dayandırıb. Hansı ki, bu universitet bir müddət əvvəl hüquqi-təşkilati formasını məhdud məsuliyyətli cəmiyyət (MMC) olaraq dəyişdirmişdi. Eyni zamanda Xəzər universiteti də eyni formada bir müddət əvvəl hüquqi-təşkilati formasını dəyişərək MMC oldu. Eyni aqibət Xəzər universitetini də gözləyə bilər?
Ümumiyyətlə, universitetlərin bağlanmasında onların idarə formalarının rolu varmı?
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Referans.az-a açıqlamasında danışıb.
“Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir. Son 15 il ərzində istər özəl, istərsə də dövlət ali təhsil müəssisələri arasında fəaliyyətini dayandıranlar olub. Təbii ki, bunlar müasir dövrün tələbləri ilə uyğunlaşmayan universitetlərdir, buna görə də onlar əmək bazarından bilavasitə çıxacaqlar. Qeyd edək ki, təsisçiləri özəl sektor olan ali təhsil müəssisələri, təbii ki, gəlirlərini daha çox tələbələrin ödədikləri təhsil haqları ilə formalaşdırdıqları üçün onların tələbə qəbulu zəifləyən kimi universitetlərin fəaliyyəti müəyyən qədər sual altına düşə bilir”.
Ekspert bildirib ki, belə universitetlərin siyahısı tez-tez dəyişə bilər.
“Naxçıvan universiteti kifayət qədər yaxşı bir universitet idi. Burada həm təhsilin təşkili, həm də idarə edilməsi müasir tələblərə uyğundur. Amma digər bağlanan universitetlər öz standartlarını müasir tələblərə uyğunlaşdıra bilmədiklərinə görə onların fəaliyyətlərində müəyyən problemlər müşahidə edirdik. Əlbəttə ki, bu heç yaxşı bir hal deyil, tələbələr kifayət qədər vaxt, resurs və böyük vəsaitlər sərf ediblər”.