eşitdikləri, gördükləri pis hadisələrdən heç bir halda xəstə düşməyən,....

12-03-2024, 16:13           
eşitdikləri, gördükləri pis hadisələrdən heç bir halda xəstə düşməyən,....
Pis verilişlərin aparıcılarının, ip ucu verim, adlarını siz deyin, yəni bu gün yuxarılara dəvət edilmə səbəbkarlarının səhhətləri necədir? Kefləri necədir? Yaxşıdılarmı? Canları, ruhları (varsa) sağlamdırmı?
Bunu niyə soruşuram?
Bir neçə gün öncə Fatih Altaylının proqramında bir aparıcını dinlədim. O xanım bir müddət bir qadın-ailə proqramının aparıcısı olub. Deyəsən cəmi bir il. Həmin o bir ilə xəstə düşüb, əsəbləri pozulub.
Səbəb?
Proqramda ailəiçi əxlaqsızlıqlardan, bildiyiniz, izlədiyiniz qadın və ailə problemlərindən elə söhbətlər olub ki, aparıcı veriliş vaxtı eşitdiklərindən çaşqına dönüb, dəfələrlə verilişin gedişatında susub qalıb və deməyə söz tapmayıb.
Mənəvi pozuntular haqda eşitdiklərinin dərininə getmək istəyən, "daha sonra nə oldu, daha sonra..." deyə hər şeyi çılpaqlığı ilə izləmək istəyən, canavara dönmüş seyrçiyə mat qalıb.
Və xəstələnib.
Deyir, mən belə hadisələrin baş verməsinə və insanların bunu rahatca dilə gətirməsinə çaşıb qalır, həm də rəhbərliyin və tamaşaçının istədiyi qədər dibə yuvarlanmaqdan qorxurdum. Axı mən "Heysiyyat" adlı kitabın müəllifiyəm.
Böyük qazanc olmasına baxmayaraq aparıcı o verilişdən gedir. Və dediyim kimi xəstə düşür. Deyir, iki il işləyə bilmədim, eşitdiklərimi unutmaq üçün saatlarla dənizə tamaşa etdim.
Əlbəttə, adlarını siz deyin, onlar heysiyyat haqqında kitab yazmaq səviyyəsində deyillər. Ona görə də sağlamlıqları qaranti altındadır, bilirəm.
Həmin verilişdə belə proqramların rəhbərlik tərəfindən körüklənməsinin səbəbləri də təhlil edildi. Etkiləri də aydınlatıldı. Uzun söhbətdi, istəsəniz baxarsınız.
Lakin... eşitdikləri, gördükləri pis hadisələrdən heç bir halda xəstə düşməyən, ruhi sarsıntı keçirməyən bu dəmir kimi aparıcılar... onlara açılmış bu meydanda saxta heysiyyatsızlıq səhnələri yaradan, tamaşaçını ardı ilə sürükləyən bu missionerlər...
Bunlara müalicə üçün dəniz seyri nə gərək? Hər şey istədikləri kimi davam edir...
Bu günkü rahatsızlıq isə tez keçər...
Mehriban Vezir
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.