Külək, günəş enerjisi istehsalı adı ilə ayrılan pullar "hava"da qaldı - Göydən "alma" düşmədi...

14-03-2024, 16:56           
Külək, günəş enerjisi istehsalı adı ilə ayrılan pullar "hava"da qaldı -
Təxminən dörd il əvvəl Azərbaycanda Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Agentliyin əsasnaməsi, üstəlik, bu istiqamətdə uyğun qanun təsdiq olunub. Hələ həmin günlərdə ölkədə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi barədə yüksəkdən danışılmağa başlanıldı. Bildirildi ki, bu sahədə lazımi qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun, normativ hüquqi aktlar qəbul edilib, daha problem olmayacaq. Amma indi statistika başqa nəticə göstərir. Külək, günəş enerjisi istehsalına xərclənən pullar lazımi effekt verməyib. Bir növ pullar havaya sovrulub.
Bizimyol.info xəbər verir ki, 2023-cü ildə Azərbaycanda istehsal olunan elektrik enerjisinin 92,7 faizi istilik elektrik stansiyalarının payına düşüb. Su elektrik stansiyaları yükün 6 faizini üzərinə götürüb. Bərk məişət tullantılarının yandırılması 0,8 faiz pay gətirib. Günəş elektrik stansiyaları 0,3, külək elektrik stansiyaları isə 0,2 faiz faydalı olub.

Hər şey göz qabağındadır. Bərpa olunan enerji istehsalı çox aşağı səviyyədə olub. Halbuki Energetika Nazirliyi bu istiqamətdə daim iddialı danışıb. Deyilirdi ki, çox vacib işlər görülüb. Bərpa olunan enerji mənbələri potensialına malik ərazilərin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi istiqamətində 8 ərazi seçildiyi bildirilirdi. Guya pilot layihələrin həyata keçirilməsi üçün tam hazırlıq görülüb. Hanı? Ortada bir şey yoxdur. Həm külək, həm də günəş enerjisi istehsalı böyük olmayıb. Ümumilikdə payın 0,5 faizindən söhbət gedir.

Kanada, Böyük Britaniya, Almaniya alternativ enerji istehsalında xeyli irəli getmiş ölkələrdir. Azərbaycanın bu dövlətlərlə əməkdaşlıq edəcəyi deyilirdi. Alternativ enerji mənbələrindən istifadə ətraf mühitin qorunması baxımından da çox vacibdir.

“Azalternativ enerji”nin rəhbərliyi hələ 2022-ci ilin əvvəlində böyük dividentlər ehtimalından danışırdı. “Yaşıl enerji” strategiyasına transformasiya ciddi nəticələr ortaya qoymalıydı. “Xızı-Abşeron” külək elektrik stansiyası ölkəyə xarici sərmayə cəlb edəcəkdi. “Yeni yaşma” külək elektrik stansiyasının investisiya dəyərinin 300 milyon dollar olduğu deyilmişdi. Necə böyük pullar!

Və yenə tez sonlanan nağıllar! Layihə işə düşəcək, yeni iş yerləri açılacaqdı. Yeni istehsal, xidmət sahələri yaranacaqdı. İndi məlum olur ki, ölkədə elektrik enerjisi istehsalı hələ də ənənəvi istiqamətlərin çiyinlərində qalıb. Məsələyə innovativ yanaşma yenə kağız üzərindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.