“Ziraat Bank Azərbaycan” üç ayda 80 mln. manat həcmində əmanət itirib

16-03-2024, 00:02           
“Ziraat Bank Azərbaycan” üç ayda 80 mln. manat həcmində əmanət itirib
Şirkətlər “Ziraat Bank Azərbaycan”dan 79 milyon manatdan çox əmanəti geri çəkib

2023-cü ilin IV rübündə “Ziraat Bank Azərbaycan” əmanət portfelinin 80 milyon manatını və ya 16% manatını itirib. Belə ki, bankın depozit portfeli III rübdəki 491,4 milyon manatdan IV rübdə 411,4 milyon manata enib.

İqtisadiyyat.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, ötən ilin sonuna Bankda fiziki şəxslərin depozitlərinin həcmi 171,6 milyon manat təşkil edib. Bu isə əvvəlki rüblə müqayisədə 0,6% və ya 1,1 milyon manat azdır. 2023-cü ilin III rübündə əhalinin bankdakı əmanətlərinin həcmi 172,67 milyon manata bərabər olub.

Şirkətlərin “Ziraat Bank Azərbaycan”dan geri çəkdiyi əmanətlərin həcmi isə daha böyükdür. Belə ki, bankda hüquqi şəxslərin depozitləri 3 ayda 24,8% və ya 79 milyon manat azalaraq 239,7 milyon manata enib. 2023-cü ilin III rübündə bu rəqəm 318,7 milyon manat təşkil edib.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” 2014-cü ildə yaradılıb, onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i “Ziraat Bank”a (Türkiyə), 0,01% - “Ziraat Texnoloji Şirkəti”nə, 0,01%-i isə Ziraat Yatırım Menkul Değerler Şirkətinə (Türkiyə) məxsusdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.