Nəhayət ki, SİMA DVX-nin İnternet Vergi İdarəsinin yeni portalına, new.e-taxes.gov.az –a inteqrasiya olunub.
16-03-2024, 11:34

Heç yerə getmədən, heç kimə müraciət etmədən, heç bir ödəniş etmədən, elə oturduğun yerdə SİMA-dan istifadə etməklə MMC yaratmaq mümkün oldu
Nəhayət ki, SİMA DVX-nin İnternet Vergi İdarəsinin yeni portalına, new.e-taxes.gov.az –a inteqrasiya olunub.
Görünür ki, Dövlət Vergi Xidməti də artıq uzun illərdən bəri köhnələn sisteminin yenilənməsini başa çatdıra bilib.
Bu inteqrasiya prosesində diqqət çəkən iki məqam var.
Birincisi odur ki, hələlik SİMA yalnız vətəndaşlar- fiziki şəxslər üçün VÖEN almağa və elektron formada MMC yaratmağa kömək olacaq.
Yəni hələlik hüquqi şəxslərin vergi məsələləri üçün SİMA-dan istifadə imkanı öz həllini gözləməkdədir.
İkinci diqqət çəkən məqam odur ki, DVX məhz SİMA-nın biometrik identifikasiya məsələsindən effektiv istifadə etməklə öz problemini də həll etmiş olub.
Məlum olduğu kimi, uzun illər bir çox şəxslər hansısa yollarla ASAN imza alaraq, yaxud kiməsə aldıraraq, onunla MMC yaradıb, şübhəli biznes əməliyyatları edərək yoxa çıxa bilirdilər.
DVX də bununla bağlı bir neçə dəfə açıqlamalar vermişdi, xeyli məhkəmə çəkişmələri vardı.
İndi isə, SİMA-da biometrik eyniləşdirmə(üz tanıma) olduğundan görünür ki, DVX qeyd olunan problemə nöqtə qoymaq üçün məhz bu məqamı nəzərə alaraq tez bir zamanda elektron formada MMC yaratmaq prosesinə SİMA-nı inteqrasiya edib.
Uğurlu və təqdirəlayiq addımlardı.
AzİnTelecom-u və DVX-ni, həmçinin bizneslə məşğul olmaq istəyən vətəndaşlarımızı da təbrik edirik.
Ümid edirəm tez bir zamanda SİMA hüquqi şəxslər üçün və bütün vergi xidmətləri üçün, xüsusən də vergi hesabatları və bəyannamələr, e-qaimələr və s. əməliyyatlar üçün də əlçatan olacaq.
Ümimiyyətlə, mobil imza bazarında ASAN imzanın inhisarçı mövqeyinin azaldılması və bu sektorda rəqabətli mühitin formalaşdırılması ölkədə əlverişli biznes mühitinin yaradılması baxımından da mühüm əhəmiyyət kəsb edir.
RİNN-nin, AzİnTelecom-un və DVX-nin identifikasiya sahəsində təhlükəsiz alternativlərin, biometrik texnologiyaların tətbiqilə rəqabətli mühitin formalaşdırılması istiqamətində səyləri təqdirəlayiqdir .
Osman Gunduz
TEREF