Bahalı iftar menyularından artan NARAZILIQ: - “Sadəcə, restoranlar deyil, vətəndaşlarımız da...”

18-03-2024, 15:50           
Bahalı iftar menyularından artan NARAZILIQ: -
“İmkanlı vətəndaşların bahalı iftar menyularından yararlanmaq əvəzinə, həmin vəsaitləri imkansız fərdlərə sərf etmələri daha məqsədəuyğundur”.

Bu fikirləri Ramazan ayının gəlişi ilə əlaqədar restoranlarda təklif olunan iftar menyularının ifrat bahalığı ilə bağlı yaranan narazılıq və vurğulanan məsələdə diqqət olunası məqamlardan danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin sözlərinə görə, belə halların yaranması təəssüf doğurur və qəbuledilməzdir:

“Ramazan ayı yardımlaşma, xeyir-bərəkət, bir-birilə köməkləşmə ayıdır. Bu mübarək ayda fürsətdən istifadə edərək restoranlarda və digər yerlərdə qiymətlərin qaldırılması əxlaq və mədəniyyətə sığan məsələ deyil.

Təəssüf ki, biz hətta bəzi məkanlarda dəyəri yüz manata qədər olan iftar menyularının da təklif edildiyini görürük. Həmin iftar menyularının bu dərəcədə baha olması kifayət qədər önəmli məsələdir. Hər kəs bu məsələdə oruc tutan insanların haqqına girmək kimi davranışlardan çəkinməlidir.

İmkanlı vətəndaşların bahalı iftar menyularından yararlanmaq əvəzinə, həmin vəsaitləri imkansız fərdlərə sərf etmələri daha məqsədəuyğundur. Konkret desək, yüz manata başa gələn bir iftar yeməyinə xərclənən pulla bir ailənin müəyyən ehtiyaclarını ödəmək mümkündür.

Ona görə də vətəndaşlarımız bu kimi məsələlərdə həssaslıq göstərməlidirlər. Restoranlar da öz növbələrində belə hərəkətlrədən çəkinməli, bu cür süni qiymət artımına son qoymalıdırlar. Bu, qəbuledilməz və normal hal deyil. Sadəcə, restoranlar deyil, vətəndaşlarımız da belə addımlara rəvac verməməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.