"Siz o, obrazın simasında jurnalistdən imla istəmişdiniz, mən sizə inşa yazdım." VİDEO

19-03-2024, 09:44           
"Siz o, obrazın simasında jurnalistdən imla istəmişdiniz, mən sizə inşa yazdım."  VİDEO
"İnşa" !
Elm və Təhsil Nazirliyi işi-gücü buraxıb, başlayıb "production" kimi fəaliyyət göstərməyə. İlk işi də aşağıda təqdim etdiyim "multfilm" çəkilişi olub. Yeri gəlmişkən ilk iş olduğu da o, dəqiqə görünür, təhsilin özü kimi özünü "aydan arı, sudan duru" çıxarmaq üçün çəkdiyi "multfilm" də səriştəsiz alınıb.
Özünün səriştəsizliyinin ifşa olunmasında jurnalistləri günahlandıran nazirlik, bəlli ki, bununla mediaya üstüörtülü şəkildə, "mənə dəymə, imkan ver yediyimi yeyim" demək istəyib.
Qeyd edim ki, məktəblərdə hər bayram, müxtəlif səbəblərlə pul yığılması barəsində yayılan səs yazılarını jurnalistlər deyil, cana doymuş valideynlər özləri yayır, şagirdlər arasında bıçaqlanma, müəllim tərəfindən döyülüb-təhqir edilmə, müəllim - direktor davaları, bir qızın direktorun dili ilə desək, "zarafatla" digər məktəbli qızın alnına yazdıqlarını və sair yayımlayan imla yazdırdığınız düşüncənizə uyğun canlandığınız jurnalist obrazı deyil, məhz şagirdlərin özləri yayımladı.
"Multfilm"inizin qəhrəmanı isə yalnız sizin təxəyyülünüzdur, jurnalist deyil.
Siz o, obrazın simasında jurnalistdən imla istəmişdiniz, mən sizə inşa yazdım.
Amma, ay Elm və Təhsil Nazirliyi, məncə siz elə yerlə bir etdiyiniz təhsil sahəsində heç də az qazanmırsınız - Dövlət büdcəsindən ayrılan pullar, imzalanan tenderlər, müəllimlərdən yığılan pullar, şagirdlərdən yığılan pullar, demək olar ki, bütün təhsil müəssisələrində saxlanılan ölü canlar, işə götürmək üçün xadimədən tutmuş, məktəb direktoruna, idarə müdirinə qədər hər kəsdən alınan rüşvət, saxta attestatlar, saxta diplomlar və daha nələr.... nələr....
Bu "production" işi sizə görə deyil.
Özünüzü daha da gülünc vəziyyətə saldınız.
Jalə Əsədova
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.