Restoranlarda iftar menyularının qiyməti "əl yandırır" - SİYAHI + MƏBLƏĞ

20-03-2024, 08:08           
Restoranlarda iftar menyularının qiyməti "əl yandırır" -
Müqəddəs bayramlar içərisində Ramazan bayramı mühüm yer tutur. Bakıda yerləşən bir çox restoranlar iftar menyuları ilə qonaqlarını qarşılayırlar. Hər il olduğu kimi, bu il də Bakıda fəaliyyət göstərən bəzi restoranların təklif etdiyi iftar menyularının qiyməti, həqiqətən, olduqca bahadır. Müşahidələr göstərir ki, "Ramazan kampaniyası" adı altında müştəri cəlb etməyə çalışan bir çox restoranların qiymətləri həddindən artıq bahadır və müştərilərin haqlı narazılığına səbəb olur.

Referans.az yerli metbuata istinadən restoranların təqdim etdiyi kampaniyalara uyğun hazırda iftar menyularının qiymətini təqdim edir:

"Etçi Umut Baku" - bir nəfər üçün 95 AZN

"Günaydın" restoranı - bir nəfər üçün 90 AZN

"Fairmont Baku" - bir nəfər üçün 80 AZN

"360 Ruby Baku" - 2 nəfər üçün 80 AZN

"Mənzərə" restoranı - bir nəfər üçün 75 AZN

"Abşeron Marriot" - bir nəfər üçün 72 AZN

"Ocakbaşı" - restoranı bir nəfər üçün 70 AZN

"Prive Steak Gallery" - bir nəfər üçün 55-65-80 AZN (menyudan asılı olaraq)

"Teleqüllə" - restoranı, 1-ci mərtəbə iki nəfər 60 AZN

"Elvet Steak House" - bir nəfər üçün 40 AZN

"Hilton Cilantro" - restoranı 1 nəfər 39 AZN

Məlum olur ki, bir sıra restoranlar iftar menyularının qiymətini olduqca bahalaşdırıb. Qiymətlərin baha olmasının səbəbi ilə bağlı adı çəkilən restoranların bir neçəsi ilə əlaqə saxladıq. Bəzi restoranlar menyuların bazar qiymətlərinə uyğun olduğunu, bəziləri isə keçən ilə nisbətən ərzaq məhsullarının bahalaşdığı üçün menyularda da bahalaşma olduğunu qeyd etdi.

Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Referans.az-a bildirib ki, azad bazar iqtisaddiyatında hər şey tələb və təklif üzərinə reallaşır:

“Qiymət siyasətinə dövlət müdaxilə etmir və biznes qurumları qiymət qoymaqda sərbəstdirlər. Lakin biznes qurumlarının vəziyyətdən sui-istifadə etməsi düzgün deyil. Dövlət orqanları biznes qurumları üçün son dərəcə toxunulmaz bir şərait yaradıb, onlar da bu vəziyyətdən sui-istifadə edir. Bəzi insanların isə iftar süfrəsi açmaqla savab qazanmaq niyyətləri var. Yaxşı bir əməldir, lakin insanların bu istəyindən biznes qurumları yararlanır. Restoranlarda halal qidanın verilib-verilməməsi ümumiyyətlə ayrı bir məsələdir”.

Qurum rəsmisi deyir ki, kimsə süfrə açıb insanları toplayıb özünü tanıtdırmaqdansa, ad, soyadını gizli saxlamaqla kiməsə hər hansı bir yardım etməsi daha məqsədəuyğundur. Onun sözlərinə görə, bu gün savab qazanmaq istəyən insanlar özlərini tanıtmaq üçün iftar süfəri arxasında oturmaqdansa, yoxsul birinə əlt tutmaqları daha düzgündür.

Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, restoranlar özəl sektor olduğu üçün onlar öz qiymətlərini özləri təyin edir:

“Restoranların özəl sektor olduğunu unutmamaq lazımdır. Əgər xoşlarına gəlmirsə, orada iftar açmasınlar. Yəni insanlar daha çox evlərində iftarı açmağa üstünlük versələr yaxşı olardı. Bu məsələdə əslində restoranların üzərinə getmək məntiqli görünmür. Çünki onlar qiyməti qoyurlar, istəyən getsin, istəməyən getməsin. Bu rəqabət mühitidir, insanlar baxsınlar ki, hansı sərfəlidir, hara daha uyğundur ora getsinlər”.

Deputat qeyd edir ki, bunların hamısı tələb-təklifdən asılıdır və bu kapitalizmin reallıqlarıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.