Mənzil satışında yeni tendensiya: Uçuq-sökük evlər...
20-03-2024, 15:17

Mənzil qiymətləri və faiz dərəcələri artdıqca Türkiyədə banklar kredit "qapılarını" bağlayıblar və vətəndaşları yeni həll yolları axtarmağa sövq ediblər.
"Cebhe.info" xəbər verir ki, mənzillərin qiymətinin artması, bankların faizləri artırması, hətta kredit verməməsi vətəndaşları yeni yollar axtarmağa məcbur edir. Hazırda köhnə, sınıq, uçuq-sökük zirzəmilər və sahibsiz evlər gündəmə gəlib. 600 min TL-dən başlayan evlər indi ilk seçim halına gəlir. Bir çox bank son vaxtlar mənzil kreditlərini getdikcə azaldıb.
Həddindən artıq ev qiymətləri ilə müqayisədə kredit məbləğləri çox aşağı qalsa da, faiz dərəcələri də artıb. Vəziyyət statistikada da öz əksini tapıb. 10 il əvvələ qədər alınan hər yüz evdən 45-də kreditdən istifadə edilirdisə, hazırda bu rəqəm 8-ə düşüb. Baha qiymətə ev ala, banklardan kredit götürə bilməyən bir çox insanlar xaraba, uçuq-sökük, atılmış sayıla biləcək evlərə üz tutmağa, hətta zirzəmiyə üstünlük verməyə başlayıblar.
Əmlak agenti Cem Koçyiğitoğlu bildirib ki, ucuz, 1- 2 milyon TL-lik mənzillər satılmağa başlayıb:
"Çox köhnə tikililər, sökülmək üzrə olan binalar buraya aiddir. Hazırda dövlət bankları mənzil krediti vermir. İlk evinizdirsə, özəl banklar bunun 80 faizə qədərini, amma 4-5 faizə çatan faizlə təklif edə bilər. Bəziləri yaşamaq üçün alınır, bəziləri isə söküləcək, yeni bina tikiləndə bir mənzil almaq ümidi ilə alır. Bir müddət sonra bunları da ala bilməyəcəklər, məncə almalıdırlar”.