Azərbaycanda əhali ən çox bu səbəbdən ölür – Bu xəstəlikdən necə qorunmaq olar?

21-03-2024, 09:08           
Azərbaycanda əhali ən çox bu səbəbdən ölür –
Azərbaycanda əsas ölüm səbəbləri məlum olub. Ölkədə həm şəhər, həm də kəndlərdə hər 100 min nəfərdən 340-ı qan dövranı xəstəliklərindən vəfat edir. İkinci əsas ölüm səbəbi isə yenitörəmələrdir (xərçəng və s). Ürək-damar xəstəliklərindən ölüm halları təkcə Azərbaycanda deyil, demək olar ki, dünyanın bir çox ölkələrində başlıca ölüm səbəbi hesab olunur. Bunu yaradan əsas amillərdən biri də sözügedən xəstəliklərin son illər həddən artıq cavanlaşması ilə bağlıdır. Bəs görəsən ürək-damar xəstəliklərinin yaranma səbəbləri nədir və bu xəstəliklərdən necə qorunmaq olar? Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim-professor Adil Qeybulla bildirib ki, ürək-damar xəstəliklərinin başlıca səbəbi az hərəkətlilik və həddən çox qidalanma ilə bağlıdır.“Ürək-damar xəstəliklərindən ölüm halları dünyanın hər yerində ilk yerlərdə dayanır. Bu xəstəliklərin artmasının əsas səbəbi orqanizmə daxil olan kalori ilə sərf olunan arasında disbalansın yaranmasıdır. Yəni insanlar çox qida qəbul etdikləri halda az hərəkət edirlər. Yanma prosesi getmir, orqanizmdə qida depolaşır və belə olan təqdirdə piylənmə yaranır. Nəticədə isə ürək-damar xəstəliklərinin gəncləşməsinə gətirib çıxarır. Bu gün hər 100 min nəfərdən 340-nın ürək-damar xəstəliklərindən vəfat etməsi ciddi statistikadır. Əslində Azərbaycanda ürək-damar xəstəliklərinin xeyli gəncləşməsi müşahidə edilir. Məsələ burasındadır ki, bu gün 50 yaşlı 10 nəfər kişidən ən azı 3-4-də ürək-damar xəstəlikləri var”. Professor qeyd edib ki, idman, aktiv hərəkət və düzgün qidalanma ilə ürək-damar xəstəliklərindən qorunmaq olar.“Digər tərəfdən siqaret çəkilməsi, spirtli içkilərin həddən artıq qəbulu, az hərəkətlilik, çoxlu yemək yemə və trans yağlardan istifadə bu cür xəstəliklərin yaranmasına gətirib çıxarır. Bunlar infakt və insultun yaranmasına gətirib çıxaran əsas amillərdir. Orqanizmin praktiki sağlamlığının gücünün əsasında dayanan amillərdən biri də orqanlarda toxumalara adekvat perifuziyadır, yəni qan çatdırılmasıdır. Bunu da damarlar təmin edir. Bu baxımdan hesab edirəm ki, ürək-damar xəstəliklərinin əmələ gəlmə səbəbləri bütövlükdə ekoloji faktorlardan, hərəkətsizliklərdən baş verən mübadilə pozuntuları, xolesterin artıqlığı və nəticədə damarların tıxanmasıdır. Hesab edirəm ki, bu həyəcan tədbiridir və insanlar bu barədə düşünməlidir. Kütləvi idman, aktiv hərəkət, az qida qəbulu, zərərli vərdişlərdən uzaq durma bu növ xəstəliklərdən qorunmaq üçün başlıca şərtlərdir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.