Azərbaycanda follikul donorluğu, yoxsa orqan alveri? - “Ödənilən pul...”

28-03-2024, 00:09           
Azərbaycanda follikul donorluğu, yoxsa orqan alveri? -
Ana olmaq hər bir qadınının arzusu, hər evin, ailənin əsas sütunlarından biridir.

Lakin ana olmaq heç də hər qadına asanlıqla nəsib olan bir nemət olmur. Övlad sahibi olmaq istəyən ailələr isə bu yolda hər bir addımı mübah sayırlar.

Ana ola bilməyən ailələrə müalicə üsulları haqqında müxtəlif səpkidə vasitələr var. Lakin bəzən yaş ötdükcə qadın orqanizmində olan folekulların gücləri mayalanmaya çatmır və hamiləlik baş vermir.

Bu zaman digər cavan qadınlardan hamilə qala bilməyən fərdə folekulyar donor olur. Bu könüllü şəkildə baş verir.

Lakin dəfələrlə sosial şəbəkələrdə yayımlanan, hətta məşhur xəstəxanaların və həkimlərin reklamlarında qadınlara 10 gün ərzində 500-800 manat müqabilində folekul donor olmaq təklif edilir. Hətta bunun üçün açıq şəkildə uyğun olan kriteriyalar da göstərilir.

Məsələ ilə bağlı mama-ginekoloq Rəşad Sultan "Cebhe.info"-ya açıqlamasında bildirib ki, bunun adı yumurta hüceyrə donorluğudur:

"Belə ki, bəzi qadınlarda yaşla və yaxud digər faktorlarla bağlı öz yumurtalıqlarında yumurta hüceyrə olmur, tükənir. Ona görə də onlar övlad sahibi olmaq üçün donor yumurtalarından istifadə edirlər. Bu proses süni mayalanmada olan dərmanlar vasitəsilə yumurta yetişdirmə prosesi başqa bir qadında aparılır.

Həmin qadından yumurtalar yumurta toplama prosesi ilə toplanır, sonra uşaq sahibi olmaq istəyən qadının ərinin spermatozoidləri ilə birləşdirilərək rüşeym əldə edilir və müəyyən vaxtdan sonra həmin rüşeymlər ana olmaq istəyən qadının uşaqlığına qoyulur".

Ginekoloq qeyd edib ki, bu prosedura bütün dünyada tətbiq olunur:

"Yumurta donorluğuna icazə verilən və verilməyən ölkələr var. Ümumiyyətlə, ölkəmizdə “Reproduktiv sağlamlıq haqqında” qanun yoxdur. Yəni, bu prosesləri icra etməyə icazə verən qanun mövcud deyil. Eyni zamanda bunu qadağan edən qanun da yoxdur.

Buna görə də illərdir bu xidmət edilir və bu sahədə yumurtalığı tükənmiş minlərlə qadın ana olub. Donorun necə seçilməsi ilə bağlı da qanun olmadığına görə, o da tənzimlənmir. Halbuki ən həssas məsələ məhz budur. O qanun hələ də hazırlanmaqdadır, ümid edirəm ki, qəbul edilməsi uzun vaxt almaz.

Donorun seçilməsi, əslində, etik olaraq yaxşı olar ki, o donoru övlad sahibi olmaq istəyən şəxs tanımasın. Normal ölkələrdə qanun bu şəkildədir. Sadəcə donorun fiziki parametrlərini və qan qrupunu seçə bilsin. Biz də ölkəmizdə bu prosesi edərdən etik qaydalara riayət etməyə çalışırıq, amma bəzi mərkəzlərdə övlad sahibi olmaq istəyən şəxslərin tanıdığı donorlardan da istifadə olunur.

Məsələn, qadın bacısını gətirir ki, mənim yumurtalığım tükənib, bacımdan yumurta toplayın.

Follikulların satılması məsələsinə gəkdikdə isə, donorlar təsadüfi insanlar seçilir, bu da doğrudur. Buna görə elanlar verilir ki, kim donor olmaq istəyirsə, müraciət etsin".

Həkim donorluğun orqanizmə təsirlərindən də danışıb və vurğulayıb ki, donorluğun orqanizmə fəsadları da var:

"Yumurta yetişdirmə və toplama prosesinin riskləri var. Ödənilən pul da buna görədir. Belə ki, proses zamanı həmin donorda hiperstimulyasiya dediyimiz yumuralıqların şişməsi baş verə bilir. Yumurta toplama da kiçik cərrahi müdaxilədir və hər müdaxilədə olduğu kimi zədələnmə, infeksiya riskləri vardır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.