"Ötən il ixrac edilən soğan yerli bazarda qıtlıq yaşatdı... - bu il keyfiyyətsizdir deyə anbarda çürüyür, satılmır"

28-03-2024, 13:08           
"Ötən il ixrac edilən soğan yerli bazarda qıtlıq yaşatdı... -
Rayonlarda soğan əkinçiliyi ilə məşğul olan fermerlər məhsullarının anbarlarda qalaraq məhv olmasından, satıla bilməməsindən gileylənirlər. Tonlarla məhsul anbarlarda çürüməyə tərk olunub, bazarda alıcısı yoxdur. Buna rəğmən Azərbaycan xaricdən soğan idxalına davam edir. Məsələn, ötən gün Qazaxıstanın kənd təsərrüfatı naziri Aydarbek Saparov açıqlamasında bildirmişdi ki, Azərbaycan və Gürcüstana 160 min ton soğan ixrac ediləcək.
Azərbaycanda soğanlar anbarlarda cücərib, yararsız hala düşərkən, nə üçün sahibkarlar xaricdən soğan gətirməyə üz tutur?
Öz bazarımızın, öz fermerimizin yetişdirdiyi məhsulda nə problem var ki, bazarda alıcısı azalıb və yaxud da yoxdur?
Ümumiyyətlə, Azərbaycanda yetişən soğanın keyfiyyətini qənaətbəxş hesab etmək olarmı?
Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə mütəxəssis Akif Nəzirli Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

"Azərbaycanda hər il tələbatdan daha çox soğan istehsal edilir və o tələbatdan artıq olan soğanın bir hissəsi də ixrac edilir. Bu il də həmin formada soğan istehsal edilib, hələ 10-12 faiz də artıq soğan istehsalı var. Bunun bir hissəsi yaz və payız aylarında ixrac edilib. Məsələ burasındadır ki, Azərbaycanda bu il istehsal edilən soğanın keyfiyyəti aşağı olub. Fermerlər anbarları günahlandırsa da, məsələ burasındadır ki, onlar soğana daha çox azot gübrəsi verib, məhsulu şişiriblər. Azot, yemləmə məqsədilə bitkilərə verilən gübrədir. Bu gübrə bir çox tərəvəzlərə normadan artıq verildiyi zaman qidanı qəbul edən insanlarda zəhərlənmələrə səbəb ola bilir. Soğanda zəhərlənməyə səbəb olmasa da, azotu normadan artıq olan soğanın saxlanması artıq mümkün olmur.

Bizim fermerlərimiz də bilərəkdən, yaxud bilməyərəkdən yüksək normada verdikləri azotlu soğanları anbarlaşdırıblar, nəticədə həmin soğan çürüyüb. Əvvəlki illərdə xüsusilə dekabr aylarında soğan məhsulları ölkəmizdən külli miqdarda ixrac edilirdi və soğan olmadığına görə bu sahədə ölkə üzrə qıtlıq yaşanırdı, qiymət artırdı. Amma bu il soğanın keyfiyyəti aşağı olduğuna görə, bu məhsul anbarlarda çürüyüb və yararsız hala düşüb. Təbii, çox soğan istehsal etməklə deyil, bu soğanın keyfiyyəti yoxdursa, onu saxlamaq da mümkün olmayacaq və çürüyəcək. Ona görə də Azərbaycana hal-hazırda Rusiyadan soğan idxal edilir. Siz bazarlarda müşahidə aparsanız və yerli soğanla xaricdən gətirilmiş soğanı müqayisə etsəniz, fərqini görəcəksiniz. Yerli soğanlar demək olar ki, istifadəyə yararsızdır.

Kənardan baxanda, görürsən ki, normal soğandır, amma kəsəndə görürsən ki, içindəki qatları pas şəklində xarab olub. Biri var ki, soğan cücərə, belə olduqda bu, temperatur rejiminin fəsadıdır. Yəni yalnız cücərirsə. Cücərir və boşalır. Biri də var ki, daxildən xarab olur. Cücərməmişdən öncə bu soğan xarab olur və sıradan çıxır. 2023-cü ildə ondan əvvəlki ilə nisbətən artıq soğan istehsal etmiş olsaq da, məhsullarımızın əksəriyyəti keyfiyyətsiz olub. Ona görə də ölkə bazarında hal-hazırda yerli tələbatı ödəyən kifayət qədər yerli soğan yoxdur. Bunu nəzərə alaraq, Azərbaycan bazarına hal-hazırda Rusiyadan külli miqdarda soğan idxal edilir. İndi Qazaxıstandan da müəyyən miqdarda soğan idxalı baş tutacaq. Aprel ayının sonunadək Azərbaycana xaricdən soğan idxal etmək tələbatı var. Ona görə də Qazaxıstanla da müqavilə bağlanılıb. Aprel ayından sonra isə artıq payız əkilən soğan bazara çıxacaq" - deyə, kənd təsərrüfatı üzrə mütəxəssis Akif Nəzirli qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.