Parklanma qiyməti bahalaşır, Tarif Şurası niyə susur? – Ekspert

28-03-2024, 16:49           
Parklanma qiyməti bahalaşır, Tarif Şurası niyə susur? – Ekspert
Aprelin 1-dən etibarən “Qış Parkı” və Azadlıq meydanındakı yeraltı avtodayanacaqlarda aylıq parkinq qiymətlərinin qalxacağına dair xəbərlər yayılıb. Məlumata görə, “Qış Parkı”nın dayanacağında aylıq parkinq qiymətləri 30 manatdan 80 və 120 manata qalxacaq. Azadlıq meydanında isə aylıq paketlərdə 12 saatlıq məbləğ 100, 24 saatlıq məbləğ isə 140 AZN müəyyən edilib.

Məsələ ilə bağlı açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, ölkədə qiymət siyasətini həyata keçirən qurum Tarif Şurası olduğundan parkinq qiymətlərinin təyin olunması bu qurumla razılaşdırılmalıdır:

“Tarif Şurasının tərkibində dövlət qurumları təmsil olunur. Ona görə də yaxşı olar ki, məsələ Tarif Şurası ilə müzakirə edilsin. Tarif Şurasında müvafiq qurumlar olduğu kimi, orada mövqelər də müxtəlif olur. Çünki istər Azadlıq Meydanında, istərsə də “Qış Parkı”nda həmişə ciddi parklanma görmürdük. Bu barədə məlumatlar sosial şəbəkələrdə qarşımıza çıxırdı, yazılırdı ki, “Qış Parkı”nda maşın yoxdur, amma digər ərazilərdə daha çoxdur, niyə orada parklama etmirlər…

Bu nöqteyi-nəzərdən düşünürəm ki, bu barədə Tarif Şurasının mövqeyi açıqlansaydı, çox yaxşı olardı. Çünki qiymətlərin doğrudan da birdən-birə bu qədər qalxması, 24 və 12 saatlıq qiymətlərin dəyişməsinin müzakirələrə səbəb olacağı gözlənilirdi. Qiymətlər demək olar ki, iki dəfə artdı”.

Ekspert qeyd edib ki, dünya praktikasında vahid parklanma sistemləri var: “Bütün parklanma sistemlərində durma, minib-düşürmə və texniki nasazlıq yaranan zaman dayanmalar ödənişsizdir. Bu da maksimum 15-20 dəqiqəni əhatə edir. Hazırda qiymətlər digər dövlətlərin qiymətlərinə yaxınlaşıb. İstər Avropa dövlətləri, istər MDB ölkələri, hətta qonşu Gürcüstanla müqayisədə bizdə qiymətlər daha bahadır.

Tiflis küçələrində hərəkətin intensivliyi Bakı qədər deyil. Bunu da nəzərə almaq lazımdır. Demək olar ki, qiymətlər bərabərləşib və bəzi yerlərə baxdıqda qiymət bizdə daha bahadır. Şəhərin mərkəzi deyəndə bəzi insanlar düşünür ki, orada qiymətlər baha olmalıdır. Halbuki orada yaşayan insanların hamısı imkanlı şəxslər deyil.

Binalarda parklanma standartları tətbiq olunmalıdır. Maşınım olmaya bilər, bəlkə qonağım gələcək? O demək deyil ki, kiminsə maşını varsa, mütləq hər zaman eyni yerdə saxlamalıdır. Maşınım yoxdursa, heç mənim qonağıma yer olmamalıdır? Yəni bu da bir uyğunsuzluq və məntiqsizlik əmələ gətirir.

Parklanma siyasəti bu ildən gündəmə gəlib. Bu yöndə bir neçə cəhdlər olmuşdu. Düşünürəm ki, proses uğurla nəticələnəcək. Çünki qiymət tarifinə mütləq baxılmalıdır ki, insanlar tərəfindən narazılıq aradan qalxsın”.
aktualinfo












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.